ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Türkiyənin Kardemir zavodu ilə əməkdaşlığa başlayır
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və onun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfəri çərçivəsində bu ölkənin ən böyük metallurgiya müəssisələrindən biri olan Kardemir zavodunda olub.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Kardemir zavodunun baş direktoru Nejdet Utkanlar müəssisənin yaradılması və fəaliyyəti haqqında ətraflı məlumat verib. Zavodun əsasının 1936-cı ildə qoyulduğu diqqətə çatdırılıb.
Universitet haqqında təqdimatdan sonra ADNSU-nun rektoru M.Babanlı və nümayəndə heyəti zavodun istehsal sahələri ilə tanış olub.
Sonra əməkdaşlıq barədə müzakirələr aparılıb, gələcəkdə birgə elmi layihə və təcrübə proqramlarının hazırlanmasına dair müəyyən razılıq əldə edilib.
Professor M.Babanlıya “İlk Türk Dəmir” mükafatı təqdim olunub.