ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti beynəlxalq əlaqələrini genişləndirir
Bakı, 12 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı İndoneziyada Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının “Rəqəmsal dövrdə ali təhsil müəssisələrində davamlılığın inkişafı” adlı beynəlxalq konfransında iştirak edir.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, M.Babanlı konfrans çərçivəsində nüfuzlu üç ali məktəbin - Hindistanın Texnologiyalar və Elm İnstitutu, Banqladeşin Daffodil Beynəlxalq Universiteti və Batanqas Filippin Universitetinin rektorları ilə görüşüb. Görüşdə əməkdaşlığın inkişaf etdirilməsi və mübadilə prosesi barədə müzakirələr aparılıb. Sonra əməkdaşlığa dair müqavilələr imzalanıb.
Eyni zamanda, hər il təhsilini davam etdirmək üçün xarici universitetlərə yüzlərlə tələbələrini göndərən Sian Beynəlxalq Universitetinin (Çin Xalq Respublikası) prorektoru Şon Li ilə görüşü zamanı rektor M.Babanlı ikili diplomların verilməsi haqqında konstruktiv danışıqlar aparıb.