ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində energetika naziri ilə görüş olub

Bakı, 27 noyabr, AZƏRTAC

Noyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) energetika naziri Pərviz Şahbazov ilə görüş olub.

AZƏRTAC xəbər verir ki, görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı müasir dünyada elmin, təhsilin mühüm rolunu qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi önəm verdiyini vurğulayıb.

ADNSU-da elmin, təhsilin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən danışan rektor universitetdə İT Akademiyasının, Startap Mərkəzinin fəaliyyət göstərdiyini, 23 ixtisas üzrə ingilis dilində tədrisin, ayrı-ayrı ali məktəblərlə tələbə mübadiləsinin aparıldığını diqqətə çatdırıb.

M.Babanlı ADNSU-nun respublikamızın energetika sahəsi üçün mütəxəssis hazırlayan və müasir innovasiyaların tətbiqinə açıq ali məktəb olduğunu qeyd edib, Energetika Nazirliyi ilə əməkdaşlığa maraq göstərildiyini bildirib.

Görüşdən məmnun qaldığını qeyd edən P. Şahbazov nüfuzlu ali məktəblərimizdən biri olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin elm və təhsilimizə, sənayemizə böyük töhfələr verdiyini diqqətə çatdırıb.

Nazir energetika sahəsində yüksəkixtisaslı, bacarıqlı mütəxəssislərin rolunu xatırladaraq, bu baxımdan universitetlərlə birgə əməkdaşlığın vacibliyini söyləyib.

Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində Qərbin iri neft şirkətləri ilə uğurlu danışıqlar aparılmaqla 1994-cü il sentyabrın 20-də bütün dünyada “Əsrin müqaviləsi” adı ilə tanınan neft kontraktının imzalandığını xatırladan nazir respublikamızda bu sahədə qazanılan nailiyyətlərdən danışıb.

P.Şahbazov əsası Ulu Öndər tərəfindən qoyulan neft strategiyasının əhəmiyyətini vurğulayaraq, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində respublikamızın sürətlə inkişaf etdiyini, beynəlxalq aləmdə nüfuzunun yüksəldiyini bildirib.

Ölkəmizin neft-qaz və enerji sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr, əldə olunan nəticələr barədə ətraflı məlumat verən nazir, eyni zamanda, tələbələrə tövsiyələrini verib, onlara təhsildə uğurlar arzulayıb.

Sonra tələbələrin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.