ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olanların sənəd qəbulu onlayn qaydada başlayıb

Bakı, 25 sentyabr, AZƏRTAC 

2020/2021-ci tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bakalavr təhsili pilləsinə qəbul olmuş şəxslərin sənədlərinin qeydiyyat prosesi koronavirus pandemiyası ilə əlaqədar onlayn formada həyata keçirilir.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə universitetin rəsmi saytında yeni bölmə - admission.asoiu.edu.az səhifəsi yaradılıb. ADNSU-nun bakalavr təhsili pilləsinə qəbul olan şəxslər əvvəlcə Təhsil Nazirliyinin tövsiyə etdiyi www.e-telebe.edu.az portalına müraciət edib elektron qeydiyyatdan keçməlidirlər. Sonra birinci kurs tələbələri universitetin rəsmi səhifəsində yer alan admission.asoiu.edu.az linkinə klik edərək müvafiq formanı dolduracaqlar. Sənədlərin onlayn qeydiyyatı başa çatdıqdan – saytda müvafiq bölmələr doldurulduqdan sonra ADNSU-nun hər bir fakültəsi üzrə qəbul olan şəxslərin sənədləri Unibook – “Elektron Universitet” sistemində yerləşdiriləcək. Bundan sonra universitetin İT departamenti onlayn platformada uğurla qeydiyyatdan keçən abituriyentlər DİM-in veb-səhifəsindəki iş nömrələrini təsdiq edəcəklər.

Qeydiyyat prosesi oktyabrın 7-si saat 17:00-dək davam edəcək. Qeydiyyatı uğurla tamamlayan abituriyentlər qeydiyyatının təsdiqlənməsi haqqında 2 iş günü ərzində e-poçt vasitəsilə bildiriş alacaqlar. Bildirişdə göstərilən tarixdə abituriyentlər universitetə gələrək tələb olunan sənədləri qəbul olduqları müvafiq fakültəyə təqdim etməlidirlər.

Abituriyentləri sənəd qəbulu ilə bağlı maraqlandıran sualların operativ cavablandırılması üçün fakültələr üzrə “qaynar xətt” nömrələri fəaliyyət göstərəcək. Abituriyentlər və ya onların valideynləri ADNSU-nun rəsmi saytında göstərilən nömrələrlə iş günləri saat 09:00-dan 17:00-dək əlaqə saxlamaqla onlar üçün yaranan suallara cavab ala biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.