ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 15 tələbəsi təhsilini Almaniyada davam etdirəcək
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramı çərçivəsində bu ali təhsil ocağının iki həftə Almaniyada təhsil alacaq tələbələri ilə görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı tələbə mübadiləsi sahəsində ADNSU-nun xarici ali təhsil ocaqları ilə əlaqələrinin genişləndiyini deyib. Diqqətə çatdırılıb ki, mübadilə sayəsində gənclərin xaricdə təcrübə keçmələri artıq əlyetərli olub. ADNSU-ya əcnəbi tələbələrin maraqlarının artmasının və mübadilə prosesinin əhəmiyyətini qeyd edən M.Babanlı bunun üçün təhsilin keyfiyyətinin yüksəldilməsinin vacibliyini vurğulayıb.
Xarici ölkədə təhsil almağın məsuliyyətli və şərəfli olduğunu diqqətə çatdıran rektor tələbələrlə təcrübəsini bölüşüb, tövsiyələrini verib. O, tələbələrə Azərbaycanı sərhədlərimizdən kənarda da layiqincə təmsil etməyi, maraqlı ideyalar öyrənərək və biliklərini artıraraq Vətənə dönməyi tövsiyə edib.
Qeyd edək ki, ADNSU-nun 15 tələbəsi martın 11-dən 25-dək Almaniyanın dörd universitetində təhsil alacaq. Universitetin bir tələbəsi isə “Total” təqaüd proqramı çərçivəsində 2020-ci ilədək təhsilini Fransanın Renn Ali Kimya Məktəbində davam etdirəcək.