ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Pedaqoji Kolleci ölkə birincisi olub
Bakı, 23 oktyabr, AZƏRTAC
“Mektebgushesi.az” portalı tərəfindən keçirilən “Hansı kollecin fəaliyyətini cəmiyyət üçün yararlı hesab edirsiniz?” nominasiyalı virtual sorğu başa çatıb.
AZƏRTAC xəbər verir ki, sorğunun nəticəsinə əsasən birinci yeri 4.414 səslə (52 faiz) Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci tutub.
Sorğunun təşkil edilməsində məqsəd modernləşən təhsil sistemimizin inkişafında həm taktiki, həm də strateji istiqamətləri ön plana çəkmək, yeniləşən dünyada təhsilin ayrı-ayrı pillələrinə, o cümlədən kolleclərə yeni prizmadan yanaşmaqdır.
Bir ay müddətində keçirilən sorğuda ümumilikdə 8.527 respondent iştirak edib. Tanınmış təhsil ekspertlərinin yaxından müşahidə etdiyi sorğu qısa müddətdə səs verən respondentlər arasında ciddi rəqabətə çevrilib. Bu uğur cəmiyyətdə hələ də müəllim peşəsinə xüsusi sevginin olması, qocaman təhsil müəssisəsində idarəetmənin düzgün qurulması, kollec kollektivinin, xüsusilə pedaqoji heyətin gərgin zəhmətinin bəhrəsi, kollecə sevgi və ümid bəsləyənlərin çox olması ilə bağlıdır.