ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Pedaqoji Universiteti Türkiyə universitetləri ilə əlaqələrini genişləndirir

Bakı, 7 yanvar, AZƏRTAC

Son illər dövlət səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan cəmiyyətində müəllim peşəsinə maraq xeyli artıb. 2018-2019-cu tədris ilində ölkəmizdə 500-dən yüksək bal toplayan 2090 gənc müəllimlik peşəsini, eləcə də 566 nəfər ali təhsil almaq üçün Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) seçib. Ali məktəb beynəlxalq əlaqələrində Türkiyə universitetləri ilə münasibətlərə xüsusi önəm verir, əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Universitetdə türk araşdırmaları elmi-tədqiqat laboratoriyası, TÜRKSOY kafedrası, türkiyəli tələbələrin idarə heyəti fəaliyyət göstərir. ADPU müxtəlif beynəlxalq layihələrdə, o cümlədən inklüziv təhsil sahəsində iki böyük layihədə iştirak edir. Kompleks şəkildə həyata keçirilən islahatlar bu ali məktəbi gələcəkdə Türkiyə üçün daha cəlbedici edəcək.

ADPU-dan AZƏRTAC-a bildiriblər ki, bu fikirləri yanvarın 7-də universitetdə ölkəmizin Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova ilə görüşdə rektor, professor Cəfər Cəfərov söyləyib. O, həmçinin ADPU-da həyata keçirilən islahatlar, infrastrukturun yenilənməsi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsilin beynəlmiləlləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, xarici dilin tədrisinin səviyyəsinin yüksəldilməsi sahəsində gerçəkləşən tədbirlər barədə ətraflı məlumat verib.

N.Nəsibova son illər ADPU-da həyata keçirilən islahatları diqqətlə izlədiyini və bu islahatları təqdir etdiyini bildirib. Türkiyədə müəllim peşəsinə marağın böyük olduğunu qeyd edən qonaq ADPU-da təhsil alan türkiyəli tələbələrə göstərilən diqqət və qayğıya görə universitetin rəhbərliyinə təşəkkür edib. O, ADPU-nun Türkiyə universitetləri ilə əlaqələrinin daha da genişləndirilməsinə dəstək verməyə hazır olduğunu vurğulayıb.

Görüşdə inklüziv təhsil sahəsində əməkdaşlıq, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin, həmçinin Türkiyə təcrübəsinin öyrənilib tətbiq edilməsi, ikili diplom, ADPU-nun təhsildə fərqlənən tələbələrinin Türkiyədə pedaqoji təcrübə keçmələri və digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Sonda qonaq universitetin tədris binası, türk araşdırmaları elmi-tədqiqat laboratoriyası və TÜRKSOY kafedrası ilə tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.