ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Pedaqoji Universiteti: Yaz semestrinin imtahan sessiyası şəffaf və obyektiv keçib

Bakı, 30 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının 2019-2020-ci tədris ili üzrə iclası keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən rektor, Elmi şuranın sədri, professor Cəfər Cəfərov əvvəlcə Tovuz hadisələrindən danışıb, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzünün qarşısının alınmasında Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmancasına şəhid olduqlarını vurğulayıb.

Sonra rektor iclasın gündəliyi barədə məlumat verib. Həmçinin diqqətə çatdırıb ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı vəziyyət nəzərə alınaraq tədris prosesi “Microsoft Teams” platforması üzərindən davam etdirilib və yaz semestrinin imtahan sessiyası onlayn keçirilib.

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov 2019-2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının ilkin nəticələrinə dair hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, imtahan sessiyasını keçirmək üçün hazırlıq işləri və təşkilati məsələlər vaxtında yekunlaşdırılıb. Semestr imtahanlarında mütəşəkkilliyin təmin olunması məqsədilə imtahan idarəetmə qrupu yaradılıb. ADPU-da imtahan sessiyasının təşkili və keçirilməsi qaydaları təsdiq edilib, internet səhifəsində və elan lövhələrində yerləşdirilib. İmtahanlar qeyd olunan qaydalar əsasında keçirilib.

Qeyd olunub ki, 2019-2020-ci tədris ili üzrə yaz semestrinin başlanğıcında bakalavriat səviyyəsində tələbələrin (Bakı üzrə) ümumi sayı 10838 nəfər, o cümlədən əyani təhsil üzrə 10830 nəfər və qiyabi təhsil üzrə 8 nəfər olub. Magistraturada təhsil alanların sayı 614 nəfər (əyani), yenidən hazırlanma təhsili üzrə 203 və təkrar ali təhsil üzrə 8 nəfər olub. Universitetin Bakı üzrə tələbə kontingenti 11663 nəfər, filiallar üzrə 3180 nəfər, ümumilikdə 14843 nəfər təşkil edib.

Hesabat dövründə imtahan qərargahına 102 müraciət daxil olub. Müraciətlər çevik araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Bütövlükdə yaz semestrinin imtahan sessiyası mütəşəkkil, şəffaf və obyektiv keçib.

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov magistrantların dissertasiya işlərinin müdafiəsinin nəticələrindən danışıb. O, Elmi şuranın nəzdində yaradılmış dissertasiya işləri üzrə ekspert komissiyasınin işlərini xüsusi vurğulayıb.

Apelyasiya komissiyasının sədri, dosent Arzu Daşdəmirov müraciətlərin məzmun və mahiyyəti, araşdırılması və qəbul edilən qərarlar barədə məlumat verib. Qeyd edib ki, ilk dəfə olaraq onlayn ərizə qəbulu təşkil olunub. Bu məqsədlə apelyasiyaya müraciəti vermək üçün xüsusi link yaradılıb və tələbələrə çatdırılıb. Yaz semestrinin imtahan sessiyası dövründə Apelyasiya komissiyasına 816 müraciət daxil olub. Həmin müraciətlərdən 252-si tələbələrin xeyrinə həll edilib.

Magistratura və doktorantura şöbəsinin müdiri, professor İbrahim Bayramov ADPU ilə ABŞ-ın Corc Vaşinqton Universitetinin təhsil idarəçiliyi üzrə birgə magistr proqramı barədə məlumat verib. O, 2020-2021-ci tədris ili üçün universitetdə magistraturaya qəbulun nəticələrindən danışıb.

Sonda cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.