ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Pedaqoji Universitetində Ağsaqqallar Şurası yaradılacaq
Bakı, 7 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ağsaqqallar Şurası yaradılacaq. Universitetdə yaşlı müəllim və əməkdaşlarla keçirilən görüşdə bu barədə qərar verilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Cəfər Cəfərov yaşlı nəslin nümayəndələrinin həyat təcrübəsinə, bilik və bacarığına həmişə ehtiyac duyulduğunu bildirib. C.Cəfərov qeyd edib ki, Ağsaqqallar Şurasında uzun müddət universitetdə layiqincə çalışmış, səmərəli elmi-pedaqoji fəaliyyət göstərmiş, cəmiyyətdə ictimai nüfuza, yüksək mənəvi keyfiyyətlərə malik müəllim və əməkdaşlar təmsil olunacaqlar. Ağsaqqallar Şurasına təqaüdə çıxmış müəllim və əməkdaşlar da cəlb ediləcəklər. Yaşlı nəslin təcrübəsi, müdrikliyi gənc nəsil üçün çox önəmlidir.
Professorlar Vilayət Əliyev, Ədalət Fərəcov, Nailə Verdizadə, Minarə Dadaşova və başqaları Ağsaqqallar Şurasının yaradılmasını müsbət dəyərləndiriblər.