ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Pedaqoji Universitetində imtahan sessiyasının monitorinqi aparılıb
Bakı, 9 yanvar, Xatirə Cəfərova, AZƏRTAC
Yanvarın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2016-2017-ci tədris ilinin payız semestri imtahan sessiyasının monitorinqi aparılıb.
AZƏRTAC xəbər verir ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov təhsil naziri Mikayıl Cabbarovun ötən il dekabrın 26-da “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmr imzaladığını diqqətə çatdırıb, universitetdə imtahanların təşkili barədə məlumat verib.
Rektor bildirib ki, imtahan sessiyasının Təhsil Nazirliyinin normativ-hüquqi aktlarına uyğun şəffaf, obyektiv və müvəffəqiyyətlə keçirilməsi məqsədilə apelyasiya komissiyası, həmçinin fakültələr, magistratura və doktorantura şöbəsi üzrə münaqişə komissiyaları, imtahan qərargahı yaradılıb. Cari tədris ilində ADPU-ya qəbul olunmuş birinci kurs tələbələrinin və arzu edən digər kurs tələbələrinin kollokvium və semestr imtahanları yazılı qaydada aparılır. Məqsəd tədrisin keyfiyyətini yüksəltmək, şəffaflığı və obyektivliyi təmin etmək, eyni zamanda, tələbə gənclərin məntiqi təfəkkürünün, yaradıcı təxəyyülünün inkişaf etdirilməsinə və onların yazı mədəniyyətinin formalaşmasına kömək göstərməkdir. Digər kursların tələbələri isə Kompüter Mərkəzində elektron-test üsulu ilə imtahan verirlər. Yazılı imtahanlar başa çatdıqdan sonra yazılar şifrələnir, yoxlanılır və həmin gün qiymətlər tələbələrə elan olunur. Günün sonunda isə bütün imtahanların nəticələri ADPU-nun internet saytında yerləşdirilir.
Qeyd olunub ki, ADPU-da hazırda ali təhsilin bakalavriat səviyyəsində 22, magistratura səviyyəsində isə 34 ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Bu gün ADPU-da filiallar və universitetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə birlikdə 20 minədək tələbə təhsil alır. Tədris prosesinin təşkili və həyata keçirilməsi ilə səkkiz fakültə, magistratura və doktorantura şöbəsi, 40 kafedra məşğul olur. Ştatda olan müəllimlərin sayı 726 nəfərdir. Onlardan 76-sı elmlər doktoru, 69-u professor, 243-ü fəlsəfə doktoru, 250-si isə dosentdir.
KİV-lərin nümayəndələri və ekspertlər auditoriyalarda imtahanların gedişini izləyib, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər.
Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil edildiyini, lazımi şəraitin yaradıldığını bildiriblər.