CƏMİYYƏT
Azərbaycan Dövlət Pedaqoji Universitetinin ilk dəfə səs verəcək tələbələri ilə görüş keçirilib
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində ilk dəfə səs verəcək tələbələrin maarifləndirilməsi məqsədilə “İlk dəfə səs verirəm!” mövzusunda tədbir keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) AZƏRTAC-a bildiriblər ki, tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin məsul əməkdaşı Kənan Firdovsioğlu, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, BŞGİBİ-nin rəisi Raqif Abbasov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, rayon gənclər və idman idarəsinin rəisi Elşən Mirzəyev, 29 saylı Səbail dairə seçki komissiyasının sədri Cahangir Məmmədov və digərləri çıxışlarında seçkilərin ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, Azərbaycanda seçkilərin azad, demokratik və şəffaf şəkildə keçirilməsi üçün hər cür şərait yaradılıb.
Çıxış edənlər hər bir vətəndaşın, o cümlədən gənclərin seçkilərdə fəal iştirakının vacibliyini vurğulayıb, onları gəncləri ölkəmizin ictimai–siyasi həyatında, eləcə də sosial şəbəkələrdə və seçkilərdə aktivlik göstərməyə, vətəndaşlıq mövqeyi sərgiləməyə çağırıblar.
Tədbirdə ilk dəfə səs verəcək gənclərə onların hüquq və vəzifələri, seçkilərdə iştiraklarının əhəmiyyəti, səsvermə prosesi barədə ətraflı məlumat verilib.
Sonda gənclərin sualları cavablandırılıb.