ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri müsabiqədə qrant layihələri qazanıblar
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsi “Azedu.az” təhsil portalının 12 ali təhsil müəssisəsi arasında keçirdiyi “Azərbaycanda hansı universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi daha aktiv fəaliyyət göstərir?” sorğusunun nəticələrinə əsasən I yeri tutub. Həmçinin ADPU-nun tələbələri Azərbaycan Respublikasının Gənclər Fondunun keçirdiyi 11-ci qrant müsabiqəsində 5 qrant layihəsini qazanıblar. Bu münasibətlə oktyabrın 31-də ADPU-da tədbir keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, rektor Cəfər Cəfərov Tələbə Həmkarlar İttifaqı Komitəsini və qrant layihələrini qazanan tələbələri təbrik edərək onlara təhsildə və ictimai fəaliyyətlərində uğurlar arzulayıb. Rektor qeyd edib ki, belə mütərəqqi təşəbbüslər, ideyalar təbliğ edilməli, bu fəaliyyətin miqyası genişləndirilməlidir.
ADPU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vurğun Məmmədov təmsil etdiyi təşkilatın fəaliyyəti və gələcəkdə həyata keçirəcəyi tədbirlər barədə məlumat verib.
Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi Sahil Qələndərov, tələbələr Lamiyə Rzayeva, Ləman Vəliyeva, Nərmin Əhmədova, Xaliq Abbasov və Şıxməmməd Şıxməmmədov qazandıqları qrant layihələri haqqında danışıblar.
Tələbə Gənclər Təşkilatının sədri Taleh Budaqov tələbələrin sosial fəallığının artırılması üçün görülən işlər haqqında məlumat verib.
Professorlar Fikrət Rzayev, Fərrux Rüstəmov, dosentlər Şahin Pənahov, Yusif Alıyev qrant layihələrin tədris prosesinə tətbiqivə digər məsələlər barədə öz fikir və mülahizələrini bölüşüblər.