MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Teatr Muzeyində təşkil olunan növbəti tədbir Xocalı faciəsinə həsr olunub
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı – qan yaddaşımız” adlı anım tədbiri keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Muzeyin əməkdaşı Fatimə Nəzərova Xocalı hadisələri ilə bağlı geniş məruzə ilə çıxış edərək 1992–ci ildə Xocalıda törədilən soyqırımıdan, ermənilərin dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən və müsibətlərdən danışıb.
Tədbirdə muzey işçiləri tərəfindən hazırlanmış Xocalı faciəsini əks etdirən videoçarx nümayiş olunub. Daha sonra 83 nömrəli məktəb-liseyin şagirdi Zəhra Məhərrəmli Xalq şairi Zəlimxan Yaqubun “Layla, Xocalım, layla” adlı şeirini oxuyub. Tədbir çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Elşən Mübarizin ifasında Xocalı soyqırımına həsr olunmuş “Şəhid arzuları” və Tofiq Quliyevin “Azərbaycan” adlı musiqi nümunələri, Şuşa Musiqi Kollecinin konsertmeyestri Çinarə Səmədovanın ifasında Faiq Şücəddinovun “Vətən balladası” və Əli Vahidovun interpretasiyasında isə Bəhram Nəsibovun “Qarabağ” əsəri səsləndirilib.
Sonda Xocalıda şəhid olan soydaşlarımızın xatirəsi bir daha dərin ehtiramla yad edilib və xalqımızın başına gələn tarixi faciələrin heç vaxt unudulmayacağı qeyd olunub.
Tədbir COVID-19 pandemiyası ilə əlaqədar məhdud sayda auditoriya ilə təşkil olunub və həmçinin sosial məsafə, sanitar-gigiyena qaydalarına əməl edilib.