İDMAN


Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası 2018-ci ili uğurla başa vurub

Bakı, 29 dekabr, AZƏRTAC 

Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasında (ADFA) ilin yekunları müzakirə olunub. Tədbirdə Assosiasiyanın üzvü olan Azərbaycan Alpaqut Federasiyası, Azərbaycan Uşu Federasiyası və Azərbaycan Muay-Tay Federasiyasının nümayəndələri, klubların rəhbərləri, məşqçilər və hakimlər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, ADFA-nın prezidenti Azər Həsənsoy federasiyanın 2018-ci ili uğurla başa vurduğunu deyib. O bildirib ki, uşu və muay-tay üzrə yığma komandalarımız Rusiyada, Çexiyada keçirilən Avropa birinciliklərində, Çində təşkil edilən dünya kubokunda, Tailandda və İtaliyadakı dünya çempionatlarında mühüm nailiyyətlər qazanıblar. Diqqətə çatdırıb ki, artıq 12 ildir ənənəvi uşu üzrə dünya çempionatlarının proqramına vinçun-tao, son üç ildə isə Avropa çempionatının proqramına vinçun–sanda yarışları daxil edilib. Gələn il vinçun üzrə birinci dünya çempionatının təşkili planlaşdırılır.

Federasiya prezidenti qeyd edib ki, ölkəmiz üçün yeni olan alpaqutun inkişafı istiqamətində də bir sıra tədbirlər həyata keçirilib. Ötən ay Bakıda “Sərhədçi” İdman Olimpiya Kompleksində keçirilən alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatında Azərbaycan komandasının uğurla çıxış edərək birinci yeri tutması böyük qələbədir.

Tədbirdə Alpaqut Turan döyüş sənətinin müəllifi Vasif Namazov, Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev, federasiyaların nümayəndələri, klubların rəhbərləri, məşqçi və hakimlər cari ildə döyüş növləri üzrə əldə edilən nailiyyətlərdən və qarşıda duran hədəflərdən danışıblar.

Sonda il ərzində fərqlənmiş idmançı, məşqçi və klubların rəhbərləri, federasiya rəsmiləri, eləcə də mətbuat nümayəndələri fəxri fərman və diplomlarla təltif olunub.

Təltif edilənlər arasında AZƏRTAC-ın əməkdaşları da var.

Tədbir Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil edilmiş bayram şənliyi ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.