CƏMİYYƏT
Azərbaycan Dünya Skaut Konfransına və Dünya Skaut Gənclər Forumuna ev sahibliyi edəcək
Bakı, 4 avqust, AZƏRTAC
Avqustun 7-10-da Qəbələ şəhərində 13-cü Dünya Skaut Gənclər Forumu, avqustun 14-18-də Bakıda 41-ci Dünya Skaut Konfransı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək və dünyanın 157 ölkəsindən ümumilikdə 1500-dən artıq skautun qatılacağı bu beynəlxalq tədbirlərdə Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) üzvlərinin nümayəndələrinin, müxtəlif ölkələrdən yüksək vəzifəli qonaqların iştirakı gözlənilir.
Azərbaycan 2013-cü ilin fevralında DSHT-nin əsas tədbirləri olan və üç ildə bir dəfə keçirilən Dünya Skaut Konfransı və Dünya Skaut Gənclər Forumuna ev sahibliyi edəcək tərəf kimi namizədliyini irəli sürüb. Seçim nəticəsində qalib ölkə elan olunmuş Azərbaycan növbəti dəfə dünya miqyasında əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrilib.
Qəbələdə keçiriləcək Dünya Skaut Gənclər Forumunun iştirakçıları gənc liderlik, fəal vətəndaşlıq mövqeyi, skautinqin dünyada baş verən qlobal dəyişikliklərə təsirinə dair mövzular ətrafında müzakirələr aparacaq, eləcə də tədbirin bütün iştirakçıları arasında gənclər proqramlarının həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi edəcəklər.
Dünya Skaut Konfransı Bakı Konqres Mərkəzində, eləcə də Heydər Əliyev Mərkəzində keçiriləcək. Müzakirə olunacaq əsas mövzular skaut təşkilatlarının gələcək inkişafından, strategiya və fəaliyyətlərinin yaradılmasından, eləcə də gələcək dövrlərə təşkilatın rəhbər orqanlarına sədrin və üzvlərin seçilməsindən ibarət olacaq.
13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı miqyasına görə Avrasiya Skaut Regionunda keçiriləcək ilk irimiqyaslı və müsəlman ölkələri arasında ikinci ən böyük tədbirlər olacaq.
Xatırladaq ki, 2000-ci ildən etibarən Dünya Skaut Hərəkatı Təşkilatında ölkəmizi Azərbaycan Skautlar Assosiasiyası təmsil edir.
Təşkilat komitəsi bu irimiqyaslı və əhəmiyyətli tədbirlərin yerli KİV-də işıqlandırılması məqsədilə kütləvi informasiya vasitələri nümayəndələrini həmin tədbirlərdə iştiraka dəvət edir. İştirak barədə [email protected] elektron ünvanına mesaj göndərmək, yaxud +994552100567 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.
Dünya Skaut Hərəkatı Təşkilatı fəal vətəndaşlara çevrilən, yaşadıqları cəmiyyətdə müsbət dəyişikliklər edən milyonlarla gənci bir araya gətirən dünyada aparıcı gənclər hərəkatından biridir. 1907-ci ildə lord Baden-Pauel tərəfindən təsis edilmiş Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) sıralarında 40 milyondan artıq insanı birləşdirən 165 Milli Skaut Təşkilatının konfederasiyasıdır. Azərbaycan Skautlar Assosiasiyası, həmçinin Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının üzvüdür və 2000-ci il avqustun 20-dən Assosiasiya Dünya Skaut Hərəkatı Təşkilatına qoşulub.
Təşkilat 1997-ci il oktyabrın 11-də təsis edilmiş və hazırda təşkilatın Azərbaycanın 16 regionundan 1750-dən artıq üzvü vardır. Dünya Skaut Gənclər Forumu skautinqin gələcəyinə laqeyd olmayan 18-26 yaş arası gənc liderlər arasında iş, ünsiyyət və ideya mübadiləsi üçün platformadır. Dünya Skaut Konfransı Skaut hərəkatının “hesabat-seçki assambleyası” adlanan ali idarəedici orqanıdır və burada Dünya Skaut Təşkilatının bütün iştirakçı ölkələri təmsil olunurlar.