İQTİSADİYYAT
Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyi Minskdə beynəlxalq tədbirdə təmsil olunur
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) Minskdə keçirilən “Mənzil idarəçiliyi və binalarda enerji səmərəliliyi” mövzusunda seminarda təmsil edilir.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 4 gün davam edəcək tədbir BMT Avropa İqtisadi Komissiyasının (UNECE), BMT Məskunlaşma Proqramının (UN-HABITAT) və Belarus hökumətinin birgə təşkilatçılığı ilə keçirilir. Seminarda Belarusda şəhərsalma fəaliyyəti, yaşayış binaları və torpaq idarəçiliyinə dair dayanıqlı inkişaf hədəflərinin təşviqi nöqteyi-nəzərdən enerji təminatı və kommunal xidmətlərin effektivliyinin yaxşılaşdırılması məsələləri müzakirə olunur. Tədbirdə Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya dövlətlərindən olan müvafiq sahə üzrə ekspertlər öz ölkələrinin təcrübələrini bölüşürlər. Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) assosiativ üzvü olan Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyi də təlimlərdə təmsil olunur.
Eyni vaxtda Belarusun paytaxtında Azərbaycan tərəfinin iştirakı ilə daha bir beynəlxalq enerji forumu keçirilir. Belə ki, enerji sahəsində tənzimləyici qurumlar üçün 8-ci illik Şərq Tərəfdaşlığı seminarı işə başlayıb. Rəqəmsallaşdırma mövzusuna həsr olunmuş seminar Şərq Tərəfdaşlığı ölkələrinin enerji sahəsində tənzimləyici qurumlarının nümayəndələri arasında əməkdaşlıq məsələlərinin müzakirəsini nəzərdə tutur. Tədbirdə AERA-nın nümayəndəsi müvafiq sahə üzrə hazırladığı ətraflı və informativ təqdimatla çıxış edib.