İQTİSADİYYAT
Azərbaycan Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının Riqadakı illik konfransında təmsil edilib
Bakı, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 23-24-də Latviyanın paytaxtı Riqada Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) təşkilatçılığı ilə ERRA-nın İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 18-ci illik konfransı keçirilib. Tədbirdə Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin sədri Samir Axundov, həmçinin müxtəlif ölkələrin dövlət rəsmiləri, energetika sahəsinə aid qurumların nümayəndələri, investorlar da daxil olmaqla 39-dan çox ölkədən 200-dək nümayəndə iştirak edib.
Enerji Məsələlərini Tənzimləmə Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ERRA-nın sədri, Estoniya Rəqabət Təşkilatının baş direktoru Mart Ots enerji sahəsində davamlı inkişafın dəstəklənməsi üçün tənzimləyicilərin təklif etdiyi həllərə ehtiyacın olduğunu deyib.
Türkiyənin Enerji və Təbii Ehtiyatlar nazirinin müavini, ERRA-nın keçmiş sədri və ERRA-nın Strateji Məsləhət Şurasının sədri Alparslan Bayraktar, elektrik enerjisi bazarına keçid zamanı tənzimləyicilərin rolundan danışıb, onların texnoloji inkişafdan və enerji bazarındakı hazırkı oyunçuların yenilənmiş rollarından xəbərdar olmalarının vacibliyini vurğulayıb. Sonra konfrans müxtəlif sessiyalar üzrə öz işini davam etdirib.
Enerji sektorunda fəaliyyət göstərən “Eurelectric” assosiasiyasının baş katibi Kristian Rubi bildirib ki, Avropanın elektrik enerjisi bazarının böyük bir hissəsi karbonsuzdur və Avropa İttifaqının enerji sektoru 2045-ci ilə qədər tam karbonsuz elektrik enerjisi istehsalına keçəcək.
Karbonsuz enerji istehsalında elektrik enerjisi bazarının qurulmasının vacibliyini vurğulayan Estoniyanın “Eesti” enerji şirkətinin baş direktoru Hando Sutter bərpaolunan enerjiyə tələbatın artdığı bir zamanda bazarın nə dərəcədə yaxşı qurulması məsələsinə də diqqəti çəkib.
İtaliyanın Enerji üzrə Tənzimləmə qurumunun nümayəndəsi Luka Lo Skiavo elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələrində enerji yükləmə qurğularına dair ortaya çıxan məsələlərdə tənzimləyicinin rolundan danışıb və qeyd edib ki, “ağıllı” enerji yükləmə vacibdir, bu, istehlakçılara nəqliyyat vasitələrinə qeyri-pik vaxtlarda enerji yükləməklə pula qənaət etmələrinə kömək edə bilər. Konfransın 2-ci sessiyasında enerji bazarına keçid və mərkəzsizləşdirilmə məsələsi geniş müzakirə olunub.
Daha sonra vətəndaşların enerji icmalarının tənzimlənməsi, rəqəmsal enerji sahəsində mühüm infrastrukturun kibertəhlükəsizliyi, enerji bazarına keçiddə təbii qaz sektorunun tənzimlənməsi kimi mövzularda da müxtəlif ölkələrdən qatılan çıxışçıların təqdimatları dinlənilib. Çıxışlardan sonra konfrans sual-cavab şəklində davam edib.
Tədbirin davamı olaraq, sentyabrın 25-də ERRA-nın sədrlərinin iştirakı ilə iclas keçirilib. Toplantıda ERRA-nın gələcək fəaliyyəti, təbii qazın giriş-çıxış tarifləri, gəlir göstəriciləri üzrə ERRA-nın qiymətləndirmə tədqiqatı; yeni tarif verilənlər bazası toplusuna dair məlumatlar, Avropa İttifaqının yeni enerji bazarının yaradılması, kibertəhlükəsizlik, inhisarda olan kommunal sahələrdə uzunmüddətli xidmət müqavilələrinin tənzimlənməsi, bazara uyğun bərpaolunan enerjiyə dəstək sxemlərinin hazırlanması və həyata keçirilməsinə dair təqdimatlar dinlənilib.