İQTİSADİYYAT


Azərbaycan “Equinor” üçün mühüm ölkədir

Stokholm, 19 aprel, AZƏRTAC 

Norveçin “Equinor” (keçmiş “Statoil”) beynəlxalq energetika şirkəti bəyan edib ki, “Azəri-Çıraq-dərinsulu Günəşli” (AÇG) yatağına sərmayə qoyulması qərarı ilə yanaşı, Azərbaycanda digər investisiya imkanlarını da nəzərdən keçirəcək.

AZƏRTAC Norveçin “E24 Næringsliv” qəzetinə istinadla xəbər verir ki, “Equinor”un da daxil olduğu şirkətlər qrupu Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-dərinsulu Günəşli” yataqlar blokunun işlənməsinin növbəti mərhələsi üzrə yeni layihəni təsdiq edib.

Norveç şirkətinin inkişaf və hasilat üzrə icraçı vitse-prezidenti Torqrim Reytan deyib: “Equinor” şirkəti uzun illər boyu Azərbaycana böyük sərmayələr qoyub və biz bu mərhələyə çatdığımız üçün çox şadıq. BP operatoru ilə birlikdə biz uzun illər ərzində “Equinor”a maliyyə vəsaitləri axınını təmin edəcək təhlükəsiz əməliyyatlara töhfə verəcəyimizə ümid edirik”.

Qəzetdə “Wood Mackenzie” konsaltinq şirkətinin baş analitiki Robert Morrisin bəyanatı da yer alıb. O bildirib ki, cari ildə investisiya üzrə qərar qəbul ediləcəyi bu layihə hasilat üzrə ən böyüklərindən olacaq. Baş analitik əlavə edib: “Azərbaycan yatağında hasilat ola bilər ki, 2010-cu ildə öz zirvəsinə çatıb, lakin orada hələ 3 milyard barrel həcmində neft qalıb. Bu yataq öz istismar müddətinin orta mərhələsindədir”.

Bununla belə, norveçlilər sözügedən layihə ilə kifayətlənmək istəmirlər. Şirkət bəyan edib ki, bu ilin sonunda SOCAR-la tərəfdaş olduğu “Qarabağ” yatağında qiymətləndirmə quyusunu qazmağı planlaşdırır. 2018-ci ilin dördüncü rübündə “Equinor” şirkəti Norveçin hüdudlarından kənarda gündəlik 854 min barrel neft hasil edib. Bununla bağlı Torqrim Reytanın bəyanatında deyilir: “Biz beynəlxalq səviyyədə fəaliyyətimizi genişləndirmək, üzərimizə böyük operator məsuliyyəti götürmək və inkişaf etmək üçün yeni imkanlar axtarmaq istəyirik. Azərbaycan “Equinor” üçün mühüm ölkədir və son illər biz regionda inkişaf üzrə yeni imkanlar əldə etmişik. AÇG yatağında platformanın inşası qərarı şirkətimizin beynəlxalq strategiyasına uyğundur”.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.