SİYASƏT


Azərbaycan-Ermənistan dövlət sərhədinin müdafiə zolağında yerləşən hərbi hissələrə baxış keçirilib

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Silahlı Qüvvələrin cəbhəboyu zonada yerləşən hərbi hissələrinin döyüş qabiliyyəti, şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı, həmçinin mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi şəraitini yoxlamaq məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətindəki bölmələrdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttindəki bölmələrdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən nazir, general-polkovnik Zakir Həsənova mövcud vəziyyət barədə məruzə edilib. Dövlət sərhədinin etibarlı müdafiəsinin, dayanıqlılığının düzgün təşkil olunmasını yoxlayan müdafiə naziri şəxsi heyətin hazırlığını yüksək qiymətləndirib.

Z.Həsənov dövlət sərhədi istiqamətində üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib. Müdafiə naziri hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb. Bildirilib ki, ön xətdə yerləşən bölmələr içməli su, istiliklə, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub. Nazir müdafiə xəttinin gücləndirilməsi və bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib. Bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edildikdən sonra birgə nahar təşkil olunub.

Sonra qoşunların qarşıdurma xəttinə yaxın ərazidə yerləşən kəndlərə gələn Müdafiə Nazirliyinin rəhbərliyi yerli sakinlərlə görüşüb, onların qayğıları, problemləri və təhlükəsizlik məsələləri ilə maraqlanıb.

Kənd sakinləri ordu ilə birlikdə istənilən tapşırığın yerinə yetirilməsinə daim hazır olduqlarını bildirərək hərbi qulluqçuların yüksək nizam-intizamından və dövlət sərhədinin etibarlı müdafiəsindən razılıq edib, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.