SİYASƏT


Azərbaycan Ermənistanın işğalçılıq və terrorçuluq siyasətinin nəticələrini aradan qaldırmaq üçün bütün tədbirləri görür

Bakı, 22 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC

Tarixə ilk demokratik respublikanın yarandığı ölkə kimi düşən Azərbaycan beynəlxalq arenada öz dəst-xətti və yürütdüyü adekvat, preventiv, humanist siyasəti ilə seçilir. Cəmi 30 yaşı olan suveren və müstəqil Azərbaycan bütün maneələrə baxmayaraq, gələcəyə doğru inamla addımlayır. Hər bir ölkənin xarici siyasətindəki uğuru onun daxildəki uğurundan bəhrələnir. Müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycan dövlətinin əsas məqsədi suverenliyini qoruyub saxlamaq, demokratik inkişaf yolunda qətiyyətlə irəliləməkdir. Müstəqilliyimizə aparan yolda mənfur qonşumuz, təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin aradan qaldırılması həmişə ön planda olub və biz bu istiqamətdə bütün maneələri dəf edə bilmişik. Qısa müddət ərzində yüksək inkişaf yolu keçən müstəqil Azərbaycanın və xalqımızın yalnız bir problemi var idi – işğal altındakı torpaqlarımızın azad edilməsi. Biz çox çalışdıq ki, münaqişə sülh yolu ilə həll olunsun, qan tökülməsin. Amma nə müvafiq beynəlxalq təşkilatlar, nə də münaqişəni törədən, regionda sülhə, sabitliyə maneə olan Ermənistan bunu istəmədi. Hazırda dövlətimiz öz müstəqilliyini qoruyub saxlamaq və xəyanətkar Ermənistanın işğalçılıq və terrorçuluq siyasətinin nəticələrini aradan qaldırmaq üçün bütün zəruri tədbirləri görür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova bildirib.

Deputat diqqətə çatdırıb ki, milli maraqları hər şeydən üstün tutan Prezident İlham Əliyev hər zaman iştirak və çıxış etdiyi beynəlxalq platformalardan Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Dövlətimizin başçısı işğalçı Ermənistanın iç üzünü ifşa edib və ərazi bütövlüyümüzün təmin edilməsi üçün beynəlxalq təşkilatlara müraciət edib. Amma çox təəssüf ki, nə BMT 30 il bundan əvvəl qəbul etdiyi 4 qətnaməsinin yerinə yetirilməsinə cəhd edib, nə də ATƏT-in Minsk qrupu öz üzərinə düşən vəzifəni yerinə yetirib. Hazırda bu vəzifəni Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin iradəsi və rəhbərliyi ilə müzəffər Ordumuz icra edir.

İqtisadi cəhətdən zəif ölkə olan Ermənistanın bu qədər silah-sursatı haradan əldə etdiyinə diqqət çəkən T.Cəfərova deyib: “Şanlı Azərbaycan Ordusu demək olar ki, hər gün düşmənin xeyli texnikasını məhv edir və qənimət kimi ələ keçirir. Sual olunur, bəs Ermənistan kasıb ölkədirsə, o zaman bu qədər silah haradandır? Dünyada baş verən kiçik hadisəyə dərhal münasibət bildirən beynəlxalq təşkilatlar, konvensiyalar buna niyə nəzarət etməyib, yoxlamayıb?. Təbii ki, Azərbaycan dövləti bu məsələni belə qoymayacaq və müvafiq araşdırmalar aparacaq. Bu, bir daha göstərir ki, işğal altındakı ərazilər nəzarətdən kənar zona olub və Ermənistan bölgədə istədiyini edib. Buna görə təkcə Ermənistan deyil, vəziyyətə nəzarət etməyən beynəlxalq qurumlar da məsuliyyət daşıyır”.

Deputat vurğulayıb ki, Ermənistan hakimiyyəti məhvə məhkumdur və öz məhvini özü hazırlayıb. Artıq geriyə yol yoxdur. Nə qədər gec deyil, güzəştə getməlidirlər. Hadisələrin gedişatı Nikol Paşinyanın nəinki Azərbaycan xalqı, öz xalqı ilə amansız rəftar etdiyini göstərir. Məğlubiyyəti qəbul etməyən Paşinyan qoca, qadın, uşaq demədən hamını döyüşlərə cəlb edir. Bu da onun üçün müqəddəs heç nəyin olmadığını deməyə əsas verir. Bir sözlə, Paşinyanın “Qarabağ klanı” və daşnaklarla gizli görüşləri göstərir ki, Ermənistan rəhbəri nəzarəti itirir, ölkə xaosa doğru gedir.

“İstənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amil xalq-iqtidar birliyidir. Bu birliyin təmin olunması təbii ki, xalqını arxasınca aparmağı bacaran güclü, müdrik və uzaqgörən liderin zəhməti hesabına başa gəlir. Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev xalqının sonsuz sevgisini və ehtiramını qazanan Lider kimi tarixdə qalacaq.

Azərbaycan öz qətiyyətli Lideri və müdrik siyasi xadimi ilə fəxr edir. Yaşadığımız bu dönəm tarixin və bizim yaddaşımızda dərin iz buraxacaq. Övladlarımız, nəvələrimiz fəxr edəcək və qürur duyacaqlar. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”, - deyə Tamam Cəfərova fikirlərini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.