SİYASƏT
Azərbaycan-Ermənistanın münasibətlərinin normallaşması beynəlxalq birliyin diqqət mərkəzindədir

Bakı, 3 iyun, AZƏRTAC
Hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması beynəlxalq birliyin xüsusi diqqət mərkəzindədir. May ayı ərazində bu istiqamətdə diplomatik fəallıq xeyli dərəcədə gücləndi. Mayın 1-4-də ABŞ-da iki ölkənin xarici işlər nazirlərinin sülh sazişi üzrə danışıqları baş tutdu. Nazirlər mayın 19-da Rusiyanın paytaxtı Moskvada da görüşdülər. Azərbaycan və Ermənistanın liderlərinin isə mayın 14-də Brüsseldə, mayın 25-də Moskvada görüşü oldu. İyunun 1-də isə hər iki ölkənin lideri Kişineuda “Avropa siyasi birliyi”nin növbəti sammitində beştərəfli formatda görüş keçirdilər.
Beştərəfli qeyri-rəsmi görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın Kansleri Olaf Şolts və Fransanın Prezidenti Emmanuel Makron iştirak ediblər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel görüşün nəticələri haqqında jurnalistlərə açıqlama verib. Onun verdiyi məlumatlardan aydın olur ki, bu görüş müsbət keçib. İyulun 21-də isə Brüsseldə növbəti üçtərəfli görüşün keçirilməsinə dair razılıq əldə olunub.
Bu barədə AZƏRTAC-a açıqlama verən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadənin sözlərinə görə, Azərbaycan bu prosesdə Brüssel formatını dəstəkləyir. Bütövlükdə, əsas müzakirələr Şarl Mişelin dəstəyi ilə üçtərəfli formatda aparılır. Çünki bu format çərçivəsində tərəflər bəzi məsələlərlə bağlı müəyyən razılığa gəliblər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Cənubi Qafqazda sülhə nail olmaq üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyir. Bu səbəbdən dövlətimiz müxtəlif platformalarda təşkil olunan görüşlərdə iştirak edir. Kişineuda baş tutan beştərəfli görüş də bu baxımdan dəyərləndirilməlidir. Fransa və Almaniya liderinin burada iştirakı bütövlükdə qeyri-formal xarakter daşıyıb. Bu görüşdə də əsasən bir daha sülh müqaviləsi üzrə danışıqların intenstivləşdirilməsinin vacibliyi qeyd olunub.
Pərvin Kərimzadə qeyd edib ki, tərəflər sülh sazişi üzərində intensiv iş aparırlar. Bu yöndə ilk görüş ötən il oktyabrın 2-də Cenevrədə, ikinci görüş isə noyabrın 7-də Vaşinqtonda keçirilmişdi. Üçüncü görüş ötən ilin dekabrında Moskvada nəzərdə tutulsa da, son məqamda Ermənistan tərəfi bu görüşdən imtina etmişdi. Bu səbəbdən də, həmin görüş Rusiya və Azərbaycanın XİN başçıları arasında keçirilmişdi. Bundan sonra isə sülh sazişi üzrə müzakirələr onlayn formatda aparılırdı. Mayın 1-4-də Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşü isə tərəflərin masaya qayıtmasının təsdiqi oldu. Bu, sülh sazişi üzrə danışıqların üçüncü raundu idi. Tərəflər dörd gün ərzində aparılan müzakirələr zamanı bir sıra bəndlər üzrə razılığa gəlsə də, bir sıra məsələlərlə bağlı fikir ayrılıqları qalmaqdadır. Mayın 19-da xarici işlər nazirlərinin bu formatda Moskvada dördüncü görüşü də sülhə doğru növbəti addım sayıla bilər.
“Qırx dörd günlük Vətən müharibəsində qalib gəlməsinə baxmayaraq, Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasında maraqlı olduğunu bəyan edib. Çünki müharibə dövrü tarixin arxivində qalmalı, Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilməlidir. Məlumdur ki, Azərbaycan sülh sazişi imzalamaq üçün qarşı tərəfə beş bənddən ibarət təkliflərini təqdim edib. Bu baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Beləliklə, rəsmi Bakının sülh sazişinin imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüququn normalarına əsaslanır. Ona görə də, Ermənistan bu prinsiplər əsasında sülh sazişini imzalamalıdır”, - deyə deputat vurğulayıb.