CƏMİYYƏT
Azərbaycan FHN ilə Niderlandın müvafiq qurumları arasında əməkdaşlığın inkişafı üçün geniş perspektivlər var
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov mayın 18-də Niderland Krallığı Senatının sabiq sədri, Azərbaycanın Niderlandlı Dostları Qrupunun rəhbəri Rene Van der Lindenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, həmçinin su ehtiyatlarının idarə olunması sahəsində görülən işlər barədə ətraflı məlumat verib, Niderland Krallığının müvafiq strukturları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. 2014-cü ilin noyabrında imzalanmış “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” qarşılıqlı faydalı əməkdaşlığın inkişafında mühüm addım olub. Hazırda su ehtiyatlarının səmərəli idarə olunması üzrə bir çox işlər başa çatıb, birgə layihə çərçivəsində səylər davam etdirilir.
Rene Van der Linden görüşə görə minnətdarlığını bildirərək qeyd edib ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Niderlandın müvafiq qurumları arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha inkişaf etdirilməsi üçün geniş perspektivlər mövcuddur.