İDMAN


Azərbaycan Formula-1 Avropa Qran-prisinin tarixinə özünəməxsus parlaq səhifə yazdı

Bakı, 20 iyun, Səxavət Quliyev, AZƏRTAC 

Azərbaycan son illər iri miqyaslı tədbirlərə, o cümlədən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Artıq dünyada idman ölkəsi kimi tanınan Azərbaycan “Bakı-2015” ilk Avropa Oyunlarının əla təşkili ilə diqqəti bir daha özünə yönəltdi. Bütün bunlar dövlətimizin uğurlu idman siyasətindən xəbər verir. Avropa və dünya çempionatları, irimiqyaslı yarışlar mükəmməl təşkilatçılıq, yerli idmançıların beynəlxalq arenada uğurlu çıxışı ölkəmizdə idmana göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Formula-1 Avropa Qran-prisi: mükəmməl təşkilatçılıq səviyyəsi

Azərbaycan iyunun 17-19-da daha bir mötəbər idman yarışına ev sahibliyi etdi. Bakıda ilk dəfə Formula-1 Avropa Qran-prisi təşkil olundu. Bu mövsümdə Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsi olan Bakı yarışı çox maraqla gözlənilirdi. Yeni mədəniyyət, incəsənət, adət-ənənə, ən əsası tras sürət sevən azarkeşlərin və Formula-1 pilotlarının diqqətini çəkirdi. Hamı dinamik inkişaf edən bu ölkəni canlı görmək arzusunda idi.

Yarışın Azərbaycanda təşkil olunmasını yüksək qiymətləndirən “Formula One Management”in prezidenti Berni Ekklstoun bu barədə danışarkən deyib: “Bakı Şərq və Qərb mədəniyyətini özündə birləşdirən unikal şəhərdir. Formula-1 yarışlarında şəhərin gözəlliyi, tarixi və coğrafiyası mühüm amil hesab olunur. Biz də Bakının tarixini və gözəlliyini bütün dünyadakı Formula-1 azarkeşlərinə nümayiş etdirmək qərarına gəldik”.

Yüksək təşkilatçılığın arxasında təbii ki, gərgin iş və hazırlıq dayanır. 6,006 kilometrlik trekin hazırlanması, təhlükəsizlik işlərinin təşkili, pit binasının və Paddok ərazisinin tikintisi peşəkar komandanının uğurlu işi kimi qiymətləndirilə bilər.

Qədim və müasir memarlıq abidələrini əhatə edən valehedici trek

Beynəlxalq Avtomobil Federasiyası tərəfindən yüksək qiymətləndirilən Bakı trekinin layihəsi almaniyalı memar Herman Tilkeyə məxsusdur. Yarışın keçirildiyi Bakı şəhər halqası ilə bağlı üç variantın hazırlandığını vurğulayan Herman Tilke: “Hazırkı treki seçməyimizin səbəbi Bakının tarixi, müasir görünüşünü dünyaya çatdırmaqdır. Müəllifi olduğum bütün treklər mənim üçün əzizdir. Ancaq Bakı şəhər halqası hazırda onların arasında mənə ən doğma olanıdır”. 

Həqiqətən də İçərişəhərin qala divarları ətrafında tam yeni bir macəranın enişli-yoxuşlu dar keçidləri ilə yanaşı, sahilboyu müasir göydələnlərə və Xəzər dənizinə ecazkar mənzərənin açıldığı geniş sürət zolağını özündə birləşdirən Bakı şəhər halqasında bolidləri ilə şütüməyi pilotlar özləri də səbirsizliklə gözlədiklərini bildirirdilər. Ona görə ki, Melburn, Monako və Sinqapur kimi, Bakı da şəhər trasına ev sahibliyi edirdi. Belə ki, Bakıda keçirilən yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edir, şəhərin ən qədim hissəsi olan və UNESCO-nun dünya irsi siyahısına daxil edilən İçərişəhər Tarix-Memarlıq Qoruğunun ətrafında dövrə vururdular. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərin tam simasını görmək imkanı qazanırdılar.

Müxtəlif çətinlikli 20 döngəsi, dar keçidləri və ən maraqlısı sahil boyunca saatda 340 kilometr sürətlə hərəkət etmək imkanı verən 2,2 kilometr uzunluğunda olan hissə Bakı şəhər halqasını cari Formula-1 təqvimində ən sürətli şəhər treki olmasına imkan verirdi. Qran-pridə orta sürət 210, maksimum sürət isə saatda 340 kilometr nəzərdə tutulsa da, yarışda ən yüksək sürət də məhz elə bu hissədə saatda 364 kilometr olaraq qeydə alındı.

 

Bakı Qran-prisini 187 ölkədə 500 milyon tamaşaçı izləyib

Yarım milyard tamaşaçı auditoriyası ilə dünyada ən çox izlənilən idman turnirlərindən olan Formula-1 yarışının keçirilməsinin Bakıya həvalə olunması Azərbaycanın beynəlxalq idman aləmində qazandığı nüfuzun göstəricisi hesab edilə bilər. Ölkəmiz birinci Avropa Oyunlarından sonra Formula-1 kimi mühüm yarışı da yüksək səviyyədə təşkil etdi və bu mütəxəssislər, eləcə də pilotların özləri tərəfindən yüksək qiymətləndirildi. 

Formula-1 azarkeşlərinin, habelə turistlərin ölkəmizə rahat gələ bilməsi üçün müvafiq prosedur sadələşdirildi və bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev bir neçə sərəncam imzaladı. Dövlətimizin başçısı Avropa Qran-prisinə hazırlıq işlərini də daim nəzarətdə saxlayırdı. Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə Berni Ekklstoun Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını, bu tədbirin Bakıda keçirilməsinin Azərbaycanda gedən inkişaf prosesləri ilə bağlı məlumatların dünyada yayılması işinə xidmət edəcəyini bildirmişdi.

Təbii ki, mötəbər yarışlar ölkəmizin sürətli inkişafını, Azərbaycan xalqının zəngin mənəvi dəyərlərini, qonaqpərvərliyini bütün dünyaya nümayiş etdirmək baxımından misilsiz imkandır. Bu baxımdan dünyanın müxtəlif ölkələrindən minlərlə Formula-1 azarkeşinin ölkəmizə gəlməsi, həmçinin yarışı işıqlandırmaq üçün 160-dək əcnəbi jurnalistin Bakıya ezam olunması, ümumilikdə Qran-prini televiziya vasitəsilə 187 ölkədə 500 milyon tamaşaçının izləməsi Azərbaycanın təbliğində mühüm rol oynadı.

Bakı Formula-1 pilotlarının gözü ilə

Bu mötəbər yarışla əlaqədar ölkəmizə gələn pilotlar, komandaların üzvləri, habelə azarkeşlər də yarışın yüksək səviyyədə keçirilməsi ilə yanaşı, Azərbaycanın zəngin mədəniyyətinə, qədim tarixinə, habelə milli mətbəximizə, xüsusən də paytaxt Bakının füsunkar gözəlliyinə valeh olduqlarını dönə-dönə vurğulayırdılar.

Yarışdan əvvəl də Bakıya səfər etmiş ispaniyalı pilot, Formula-1 Avropa Qran-prisinin ulduz elçisi Fernando Alonso Bakının Qərb ilə Şərqin ahəngdarlığını özündə yüksək səviyyədə təcəssüm etdirdiyini vurğulayaraq demişdi: “Azərbaycanın çox zəngin tarixi və mədəniyyəti var. Ölkənizə səfərim zamanı xalçalarınızla tanış oldum. Doğulduğum İspaniyada da xalçaçılıq ənənəsi var. Ancaq Azərbaycan xalçaları özünəməxsusluğu ilə seçilir, naxışları isə çox gözəl və fərqlidir. Səfər etdiyim ölkələrdə hər zaman oranın mədəniyyəti ilə maraqlanıram. Deyə bilərəm ki, sizin ölkəniz zəngin adət-ənənəyə malikdir. Mətbəxiniz isə xüsusilə fərqlənir. Qonaqpərvərlik hər bir insanın üzündən hiss olunur”.

Formula-1 üzrə üçqat dünya çempionu Luis Hamilton da özünün “İnstagram” səhifəsində Azərbaycan paytaxtını ecazkar şəhər adlandırıb.

Daha bir pilot, “Force İndia” komandasının meksikalı pilotu Serxio Peres isə Bakı şəhər halqasının özünəməxsusluğuna heyranlığını belə ifadə edib: “Bakı trası çox mürəkkəbdir. Əsl yürüş trasına nail olmaq üçün Herman Tilke çox çalışıb. Burada səhvə yer yoxdur və mənim çox xoşuma gəlir. Axı Formula-1 məhz belə də olmalıdır. Bakıda hər dövrə meydan oxuyur və mən çox şadam ki, belə bir tras ixtiyarımıza verilib”.

Formula-1 Avropa Qran-prisi: Azərbaycanın daha bir uğuru

Formula-1 Avropa Qran-prisinin üç gününün həyəcanı başa çatdı. Lakin bu unudulmaz anlar, yüksək sürətin doğurduğu adrenalin, parlaq qələbələr, sərt döngələr, şəhərimizin tarixi hissəsinin və müasir görkəminin mavi Xəzərin fonunda möhtəşəm vəhdətinin doğurduğu bənzərsiz mənzərə, dünyanın məşhur müğənnilərinin konsertləri paytaxtın sakinləri, Formula-1 azarkeşləri ilə yanaşı, pilotların da xatirəsində uzun illər qalacaq.

Beləliklə, sürətlə inkişaf edən, beynəlxalq aləmdə böyük nüfuz qazanan, sayılıb-seçilən müasir müstəqil Azərbaycan daha bir mötəbər uğura imza ataraq Formula-1 tarixinə özünə məxsus parlaq səhifə yazdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.