SİYASƏT
Azərbaycan-Fransa Gənclik Assosiasiyası ölkəmizi fransız xalqına tanıtmaqda xüsusi fəallıq göstərir
Paris, 27 mart (AZƏRTAC). 2003-cü ildə təsis edilmiş Azərbaycan-Fransa Gənclik Assosiasiyasının (AFAJ) əsas məqsədi hər iki ölkə arasında dostluğu inkişaf etdirməkdən və mədəniyyət sahəsində körpü yaratmaqdan, ölkəmizlə bağlı tarixi həqiqətləri dolğun şəkildə fransızlara çatdırmaqdan ibarətdir.
Bu işdə Fransada təhsil alan tələbələrə arxalanan assosiasiya öz ətrafında çoxlu sayda tələbəni birləşdirmişdir. Tələbələrimiz də öz növbələrində assosiasiyanın xətti ilə ölkəmizi tanıtmaq istiqamətində xüsusi fəallıq göstərir, bir çox sərgi və tədbirlərdə iştirakla respublikamızı layiqincə təmsil edirlər.
Assosiasiyanın üzvləri- Ruan şəhərindəki Biznes Universitetində təhsil alan tələbələrimizdən Kamal Dadaşov və Nizami Mehdiyev bu il martın 17-də təhsli ocağının geniş auditoriyalarının birində keçirdikləri tədbirə özündə Azərbaycanın qədim tarixi və milli dəyərlərini, zəngin mədəniyyəti və incəsənətini, adət-ənənələrini, o cümlədən ölkəmizin dünya iqtisadiyyatında movqeyini əks etdirən geniş təqdimatla başlamışlar. Azərbaycanın tarixindən , müasir və gələcək inkişafından bəhs edən slaydlar, video və digər əyani məlumatlar zala toplaşmış 200-dən artıq müəllim və tələbənin böyük marağına səbəb olmuşdur.
Tədbir zamanı assosiasiyanın mədəniyyət məsələləri üzrə sədr müavininin köməkçisi Könül Rəfiyeva azərbaycanlı qadınlara məxsus qədim milli geyimləri nümayiş etdirmişdir. Milli geyimlərin nümayişi içtirakçılar arasında böyük maraq doğurmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tədbirin maarifləndiici ədəbiyyatla və digər vəsaitlərlə təmin olunmasındakı xidmətlərini xüsusi qeyd etmək lazımdır.
Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşı Zeynal Cəfərov tədbirin təşkilinə yaxından köməklik göstərən universitetin beynəlxlaq əlaqələr departamentinin rəhbəri Elen Boumana təşəkkürünü bildirmiş və ona xüsusi hədiyyə təqdim etmişdir.
Təqdimatdan sonra dünyanın müxtəlif ölkələrindən universitetdə təhsil alan tələbələr və bu ali təhsil ocağının müəllimləri Novruz bayramında süfrələrin bəzəyi olan milli mətbəximizin nümunələrindən dadmaq imkanı əldə etmişlər.
Bu təqdimatın davamı olaraq Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi və AFAJ-nin təşkilatçılığı ilə tələbələrimizdən Azər Həsənov və Günel Çəndirova Savua Universiteti, Şamberi şəhər bələdiyyəsi və turizm bürosu tərəfindən martın 25-26-da Şamberi şəhərində təşkil olunmuş beynəlxlaq sərgidə Azərbaycanı layiqincə təmsil etmişlər. Artıq 13 ildir ki, fəaliyyət göstərən bu sərgiyə hər il minlərlə tamaşaçı baş çəkir.
Hər il olduğu kimi, bu dəfəki sərgidə də 40 ölkə təmsil olunurdu. Sərginin təşkilində əsas məqsəd dünyanın müxtəlif ölkələrinin və xalqlarının mədəniyyətlərini Savua regionunda yaşayan əhaliyə çatdırmaqdan ibarətdir.
Tələbələrimiz bu il “Gündəlik həyat” adı altında açılmış sərgidə xalqımızın ən qədim mədəni dəyərlərindən olan muğama və milli rəqslərə dair məlumatları, musiqi alətlərimizi, müxtəlif musiqi parçalarını nümayiş etdirmişlər. Onların təşkil etdikləri Azərbaycan guşəsi yerli KİV-lər tərəfindən maraqla qarşılanmış, Fransa televiziyasında bununla bağlı qısa süjet göstərilmişdir.
Assosiasiya gələcəkdə də ölkəmizin Fransada təbliği istiqamətində müxtəlif tədbirlər hazırlayıb həyata keçirməyi planlaşdırmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris