İQTİSADİYYAT


Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının “İş yerlərində gender müxtəlifliyi” layihəsinə dair memorandum imzalanıb

Bakı, 5 mart, AZƏRTAC

Martın 5-də Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (“AFchamber”) Qadın Professionallar Komitəsi tərəfindən “İş yerlərində gender müxtəlifliyi” layihəsinin təqdimatı keçirilib.

Palatadan AZƏRTAC-a bildirilib ki, görüşdə Fransanın Azərbaycandakı səfiri Zakari Qross və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elgün Səfərov iştirak ediblər.

Layihə çərçivəsində “Total” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agut, “PwC Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru Mövlan Paşayev, “Ekvita” şirkətinin direktoru İlqar Mehti və “Mega Sığorta” ASC-nin direktoru Sevinc Gülmaliyeva ilə anlaşma memorandumu imzalanıb.

Görüşdə “AFchamber”in idarəedici direktoru Zibər Hüseynova layihəyə verdiyi töhfələrə görə partnyor üzv şirkətlərə – “Total”, “PwC Azərbayan”, “Schlumberger”, “Ekvita”, “Mega Sığorta” ASC-yə təşəkkürünü bildirib.

Səfir Z.Qross gender məsələləri ilə bağlı mənfi məqamları və çətinlikləri qeyd edib, Fransa hökumətinin bu istiqamətdə bir sıra işlər gördüyünü, gender bərabərliyi məsələsinin ölkə üçün prioritet olduğunu diqqətə çatdırıb. O, gender müxtəlifliyinin bütün sahələrdə təminatı üçün dünya ölkələrinin birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb, Azərbaycan-Fransa Ticarət Palatasının bu təşəbbüsünü yüksək qiymətləndirib və vaxtında təqdim edilmiş mühüm layihə olduğunu bildirib.

Qadın Professionallar Komitəsinin sədri Sona Abbasova və sədr müavini Nərgiz Vəzirova “İş yerlərində gender müxtəlifliyi” layihəsi barədə məlumat veriblər. Qeyd olunub ki, “İş yerlərində gender müxtəlifliyi” layihəsi şirkətlərə rəhbər vəzifələrdə qadınların iştirak nisbətini artırmaq, sahibkarları biznesdə gender müxtəlifliyinin təmin edilməsini strateji prioritet olaraq müəyyənləşdirməyə təşviq etmək və şirkətlərdə bu istiqamətdə transformasiyanın tətbiqi üçün kömək etmək məqsədi daşıyır.

Hazırda müasir idarəetmə standartlarının tələblərinə uyğunlaşmaq məqsədilə gender bərabərliyinin təmin edilməsi, inklüziv cəmiyyətin qurulması bütün dünya ölkələri üçün prioritet məsələyə çevrilib. Bu baxımdan son illərdə Azərbaycanda da gender müxtəlifliyi, qadınların qərar qəbul etmə prosesində, yüksək idarəçilikdə təmsil olunmalarına dair bir sıra tədbirlər keçirilir, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşdırılması “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində də yer alır.

“Qeyd olunan istiqamətlər üzrə sürətli inkişafa nail olmaq üçün bir sıra tədbirlərin həyata keçirildiyi dövrdə “İş yerlərində gender müxtəlifliyi” layihəsinin başlanılmasını əhəmiyyətli hesab edirik. Bu layihə vasitəsilə beynəlxalq və yerli şirkətlər birgə işləyərək, təcrübələri bölüşərək inklüziv, gender bərabərliyinə əsaslanan biznes mühitinin yaradılmasına töhfə verəcək”, - deyə natiqlər bildiriblər.

Görüşdə iştirak edən “Total” şirkətinin Azərbaycan üzrə icraçı direktoru R.Agut bu layihədə ən yaxşı beynəlxalq təcrübəni bölüşən şirkət təmsilçisi olaraq iştirak etməsindən böyük məmnunluq duyduğunu bildirib. O qeyd edib ki, bu gün “Total” Azərbaycanın gender bərabərliyinin təmin edilməsinə dair yerli proqrama başlayıb.

“Ekvita” şirkətinin direktoru İ.Mehti gender bərabərliyi mövzusunda bir sıra layihələr, strategiyalar hazırlansa da, həmin sənədlərin tətbiqində hələ də müəyyən boşluqlar olduğunu və artıq bu istiqamətdə işlər görməyin vacibliyini vurğulayıb.

“Mega Sığorta” ASC-nin direktoru S.Gülmaliyeva öz şəxsi təcrübəsinə və qarşılaşdığı çətinliklərə istinad edərək bu tipli layihələrin qadınların qərar qəbul etmə prosesində iştirakının artırılması üçün vacib olduğunu bildirib.

Görüş ikitərəfli anlaşma memorandumların imzalanması ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.