ELM VƏ TƏHSİL
Azərbaycan-Fransız Universitetində seminar: “Ali təhsildən gözləntilər”
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Ali təhsildən gözləntilər” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda nazirliyin nümayəndələri, təhsil ekspertləri, ali məktəblərin mətbuat xidmətlərinin rəhbərləri iştirak ediblər.
Son dörd ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrində müşahidə olunan müsbət dinamika və ali təhsildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr edilən tədbirdə nazirliyin elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyevin “Tələbə qəbulunun nəticələrinin təhlili” mövzusunda təqdimatı dinlənilib.
Şöbə müdiri son dörd tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun kəmiyyət və keyfiyyət göstəriciləri ilə bağlı ətraflı məlumat verib. Bildirilib ki, son illərdə ali təhsil müəssisələrinə qəbul olunanların orta bal göstəricisi artıb. Müsbət dinamika bütün ixtisas qrupları üzrə də müşahidə olunub. Bu il qəbul imtahanlarında 2.472 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2.281, 2015-ci ildə 2.094, 2014-cü ildə isə 1.725 nəfər təşkil edib. Magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3 faiz artıb.
Qeyd olunub ki, bu tədris ilində Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbilərin sayı ötən illərlə müqayisədə artaraq 5.410 nəfər təşkil edib.
Cari tədris ilində ali təhsil müəssisələrində ingilis dilində tədris edilən ixtisaslara qəbul olunanların sayı iki dəfə artıb.
“Clarivate Analytics” təşkilatının Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə bildirib ki, 2015-ci ilin dekabrından dünyanın aparıcı elmi platforması olan “Web of Science” ilə əməkdaşlıq nəticəsində ölkənin təhsil müəssisələrinin müəllim və tələbələrinin bu elmi bazada indekslənən məqalələrinin sayı 57 faiz artıb. Son üç ildə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrinin impakt faktorlu jurnallarda çap olunan məqalələrinin sayı 950 olub.
Seminarda pedaqoji ixtisaslara qəbul olunanlar, ali təhsil müəssisələrində Prezident təqaüdçülərinin tədris illəri üzrə sayı və artım dinamikası, eləcə də son üç ildə 541 nəfərin fəlsəfə doktoru, 103 nəfərin elmlər doktoru elmi dərəcələrini almaları barədə məlumat verilib.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.