ELM VƏ TƏHSİL
Azərbaycan-Fransız Universitetinə qəbul olmaq istəyənlər iyulun 25-də imtahan verəcəklər
Bakı, 19 iyul, AZƏRTAC
İyulun 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanı keçiriləcək.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, online qeydiyyat tarixi iyulun 23-ü saat 14:00-a qədər açıqdır. İmtahanın nəticələri iyulun 27-də saat 12:00-da açıqlanacaq.
UFAZ-a qəbul imtahanında Dövlət İmtahan Mərkəzinin (DİM) I ixtisas qrupu üzrə keçirdiyi imtahanlarda 500 və daha çox bal toplamış abituriyentlər iştirak etmək hüququna malikdir. UFAZ-da hər bir ixtisas üzrə 30 dövlət sifarişli və 10 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur.
İmtahandan sonra UFAZ-ın tələbəsi adını qazanmış gənclərin adları Təhsil Nazirliyinə təqdim olunacaq. Təhsil Nazirliyi isə öz növbəsində UFAZ-a qəbul olmuş gənclərin adlarını DİM-ə təqdim edəcək. Onlar digər ali məktəblərə müsabiqədə iştirak etməyəcəklər.
UFAZ-a imtahan verib uğur qazana bilməyənlər DİM-in mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etdiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər.
Xatırladaq ki, UFAZ-da 4 ixtisas üzrə (kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi və neft-qaz mühəndisliyi) tədris aparılır. Hazırda Azərbaycanda bu 4 ixtisasa böyük tələbat var. Təhsil bütün ixtisaslar üzrə 1 il hazırlıq, 3 il əsas tədris müddəti olmaqla 4 il davam edir. Tədris ingilis dilində aparılır.