SİYASƏT
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti cəbhədəki vəziyyətlə bağlı bəyanat yayıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti cəbhədəki vəziyyətlə bağlı bəyanat yayıb.
Bu barədə AZƏRTAC-a cəmiyyətdən məlumat verilib.
Bəyanatda deyilir: “Biz, Azərbaycanın gənc alimləri olaraq Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmasını pisləyir, beynəlxalq təşkilatlardan, dünyanın sülhsevər ictimaiyyətindən bu hadisələrə qiymət verməyi, dünya üçün təhlükə olan bir rejimin əməllərinə qarşı mübarizədə Azərbaycanın yanında olmalarını xahiş edirik. Dünya dövlətləri tərəfindən Azərbaycanın torpaqları kimi tanınan ərazilərimizi 30 ilə yaxın işğalda saxlayan, mütəmadi təxribat əməlləri ilə dinc mülki əhalimizi atəşə tutan, qətlə yetirən və beynəlxalq hüquq normalarına açıq-aşkar meydan oxuyan təcavüzkar Ermənistana qarşı ədalətli mövqe olmadıqca o, daha da azğınlaşır. Düşmənin torpaqlarımızı işğalda saxlaması və ardıcıl şəkildə təxribat əməllərini davam etdirməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının müvafiq müddəalarının və onların əlavə protokollarının kobud şəkildə pozulması deməkdir. Bu təxribat, həmçinin BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərinə hörmətsizlikdir.
Düşmənin növbəti təxribatı yenə də mülki insanların sıx şəkildə yaşadığı yerləri və obyektləri intensiv şəkildə atəşə tutmaqla müşayiət olunub. Dövlətimizin başçısının nizami və modern ordu quruculuğu sahəsində gördüyü uğurlu işlərin nəticəsi olaraq bölgənin ən güclü ordusuna çevrilən silahlı qüvvələrimizin peşəkarlığı və döyüş ruhu qısa həmlədə düşmən ordusunu məhv etmək və torpaqlarımızı azad etməyə imkan verir. Düşmən təxribatının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin göstərişi ilə işğalçıya lazımi cavab verilib, şanlı ordumuz Füzuli rayonunun işğal altında olan 6, Cəbrayıl rayonunun 1 kəndini işğaldan azad edib, strateji əhəmiyyətli Murov zirvəsinə və digər mövqelərə nəzarəti ələ keçirib. Bu tarixi qələbə hər birimizdə işğal altında olan torpaqlarımızın son qarışınadək geri alınacağına bir daha əminlik yaradır. Ölkəmizdə ordu-xalq-iqtidar birliyi, insanlarımızın vətənpərvərlik ruhu, ordumuzun döyüş əzmi, Ali Baş Komandanımızın qətiyyəti Böyük Qələbə Gününün yaxında olmasını şərtləndirir. Biz, Azərbaycanın elmi gəncliyi hər an Ali Baş Komandanın əmrinə hazır olduğumuzu bildiririk. Əminik ki, tezliklə üçrəngli bayrağımızın Şuşada, Xankəndində və digər işğal altında olan ərazilərimizdə dalğalanmasını təmin edəcək Qələbə Günü bizimlədir! Qarabağ Azərbaycandır!”