CƏMİYYƏT
Azərbaycan Gənclərinin VIII Forumu ilə əlaqədar Sumqayıtda zona toplantısı keçirilib
Sumqayıt, 12 oktyabr, AZƏRTAC
Sumqayıtdakı Heydər Əliyev Mərkəzində Azərbaycan Gənclərinin VIII Forumu ilə əlaqədar zona toplantısı keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, gənclər və idman nazirinin müavini İntiqam Babayev və Milli Məclisin deputatı Tahir Mirkişili, eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Sumqayıt Dövlət Universitetinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikası Gənclər Fondunun əməkdaşları, habelə Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan rayonların gənclər və idman idarələrinin rəisləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Sonra gənclərin əl işlərindən ibarət sərgiyə baxış olub.
Heydər Əliyev Mərkəzinin akt zalında keçirilən zona toplantısı Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, gənclər və idman nazirinin müavini İntiqam Babayev və Milli Məclisin deputatı Tahir Mirkişili açılış çıxışlarında Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində əldə olunan uğurlardan, gənclərimizin qazandıqları nailiyyətlərdən danışıb, belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Açılış çıxışlarından sonra zona toplantısının işində aidiyyəti dövlət qurumlarının ekspertlərinin iştirakı ilə müzakirələr başlayıb.
Tədbirdə Sumqayıt Dövlət Universitetinin professoru Adil Baxşəliyev “Azərbaycanda təhsilin inkişafı”, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Elnur Kazımov “Gənclər arasında dini radikalizmin profilaktikası və təhlükəsiz mühit”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Həvva Kazımova “Dövlətin məşğulluq siyasəti və gənclərin sosial rifahı”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Şövkət Bəkirov “Ətraf mühitin qorunması - gənclərin iştirakı və məsuliyyəti” mövzularında çıxışlar ediblər.
Azərbaycan Respublikası Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov Fondun fəaliyyəti və yeniliklər barədə toplantı iştirakçılarına ətraflı məlumat verib.
Ekspertlərin çıxışlarından sonra toplantı iştirakçılarının sualları cavablandırılıb, ətraflı fikir mübadiləsi aparılıb.
İclasda bu zonaya daxil olan rayon və şəhərlərdən Azərbaycan Gənclərinin VIII Forumuna seçilmiş nümayəndələrin siyahısı təsdiqlənib.
Rəsmi hissə başa çatdıqdan sonra istedadlı gənclərin ifasında konsert proqramı təşkil edilib.