İDMAN
Azərbaycan Gimnastika Federasiyası yerli yarışlar mövsümünə start verib
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan Gimnastika Federasiyası yerli yarışlar mövsümünə start verib.
AZƏRTAC xəbər verir ki, iyunun 9-da kişi və qadın idman gimnastikası üzrə iyirmi dördüncü Bakı çempionatı və Azərbaycan birinciliyi, o cümlədən akrobatika üzrə 24-cü ölkə birinciliyi başlayıb.
İki gün davam edəcək yarışda 134 gimnast Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, “Ocaq Sport” Klubu, Neftçi İdman Klubu, Nizami rayonu İdman Məktəbi, Balakən, Şabran və Sumqayıtı təmsil edəcəklər.
Yarışların ilk günü balacalar, gənclər, yeniyetmələr və uşaqlar yaş kateqoriyasında yer almış qadın idman gimnastlarının çıxışları ilə başlayıb.
Daha sonra mübarizəyə akrobatlar qoşulacaqlar. Gənclər, yeniyetmələr və uşaqlar yaş kateqoriyasına bölünmüş qadın qrupları, qadın cütlükləri, qarışıq cütlüklər və kişi cütlükləri yarış meydançasında öz məharətlərini nümayiş etdirəcəklər.
Turnirin ikinci günü də akrobatların çıxışları ilə davam edəcək.
Son olaraq medallar uğrunda öz güclərini kişi idman gimnastları sınayacaqlar. Gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qrupunda yer almış idmançılarımızın əzmkar nümayişləri ilə yarışlara yekun vurulacaq.