İQTİSADİYYAT


Azərbaycan Gömrük Xidməti ilə Ümumdünya Gömrük Təşkilatının əməkdaşlıq əlaqələri nəzərdən keçirilib VİDEO

Bakı, 14 yanvar, Elvin Camalov, AZƏRTAC

Azərbaycan Gömrük Xidməti ilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) əməkdaşlıq əlaqələri müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, müzakirələr yanvarın 14-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ilə ölkəmizdə səfərdə olan Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanın görüşündə aparılıb.

Görüş iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

S.Mehdiyev Kunio Mikuriyanın yenidən Ümumdünya Gömrük Təşkilatının baş katibi seçildikdən sonra ilk səfərini Azərbaycana etməsindən məmnunluğunu bildirib, ÜGT ilə Azərbaycan gömrüyü arasında hər zaman səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyib. Vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan gömrüyü bu gün Prezident İlham Əliyevin yüksək idarəçilik qabiliyyəti, həyata keçirdiyi davamlı inkişaf strategiyası nəticəsində dünya gömrük ailəsinin etibarlı üzvü kimi formalaşıb.

Komitə sədri Azərbaycan gömrüyünün ÜGT-nin müxtəlif komitələrində təmsil olunmasını, Dövlət Gömrük Komitəsi əməkdaşının təşkilatda mühüm vəzifələrdən birinə təyin edilməsini iki qurum arasındakı səmərəli əlaqələrin nəticəsi kimi qiymətləndirib. Qeyd olunub ki, fevralın 1-dən tam şəkildə tətbiq olunacaq “Yaşıl dəhliz” buraxılış sistemi idxal-ixrac əməliyyatlarının sürətli və maneəsiz şəkildə həyata keçirilməsinə, ticarətin asanlaşdırılmasına, ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsinə, vətəndaş-məmur təmasının minimuma endirilməsinə və könüllü riayət prinsipinin formalaşmasına mühüm töhfə verəcək.

Azərbaycanın Ümumdünya Gömrük Təşkilatının ən fəal üzvlərindən biri olduğunu deyən K.Mikuriya ÜGT-nin bir neçə orqanının ölkəmizdə yerləşməsini qarşılıqlı səmərəli əlaqələrin, Azərbaycan gömrüyünün beynəlxalq səviyyədə gömrük işinə verdiyi töhfələrin nəticəsi kimi qiymətləndirib. O, Azərbaycanın gömrüyünün şəffaflığın təmin olunması sahəsindəki təcrübəsini ÜGT-nin müvafiq komitələri ilə bölüşməyə çağırıb.

Daha sonra Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov gömrük sistemində aparılan islahatlar, onların əhəmiyyəti və gömrük orqanlarının gələcək hədəflərinə dair təqdimatla çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.