İDMAN
Azərbaycan Gözdən Əlil Şahmat və Dama Federasiyasının fəxri prezidenti seçilib
Bakı, 17 avqust, AZƏRTAC
Avqustun 17-də Azərbaycan Gözdən Əlil Şahmat və Damaçılar Federasiyasının fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ərşad Nəsibov tədbirdə çıxış edərək federasiyanın fəaliyyətindən, qarşıda duran vəzifələrdən danışıb. O, tədbirin qurumun yeni heyətinin formalaşdırılmasına həsr olunduğunu deyib. Ə.Nəsibov federasiyanın fəxri prezidenti vəzifəsinin təsis olunduğunu diqqətə çatdırıb. Bildirib ki, bundan sonrakı dövrdə səlahiyyət bölgüsünü fəxri prezident həyata keçirəcək. Bu vəzifəni icra edən şəxs gələcəkdə federasiya prezidenti olacaq. Nazirliyin nümayəndəsi federasiyanın fəxri prezident vəzifəsinə iş adamı Səbuhi Rəcəbin təyin olunduğunu açıqlayıb.
Bildirilib ki, bundan sonra fəxri prezident federasiyanın fəaliyyəti ilə bağlı bütün məsələlərə - qəbul edilən qərarlara, federasiya adından müraciətlərə, rəsmi məktub və digər sənədlərin imzalanmasına, beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq siyasətinin həyata keçirilməsinə, onun maddi-texniki bazasının, illik təqvim planının formalaşdırılmasına və icrasına rəhbərlik edəcək.
Gözdən Əlil Şahmat və Damaçılar Federasiyasının prezidenti Camal Cabbarov çıxışında ölkəmizdə idman siyasətinin dövlət tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Şahmat və damanın insan yaddaşı üçün çox faydalı olduğunu deyən federasiya prezidenti gözdən əlil idmançılar üçün idmanın bu növünün böyük əhəmiyyətindən danışıb. Qeyd edib ki, federasiyanın fəaliyyətini daha da gücləndirmək üçün qurumun üzvlərinin sayının artırılması, fəxri prezidentin və idarə heyətinə yeni üzvlərin seçilməsi zərurəti yaranıb.
Günel Məmmədhəsənova, Fərəh Quliyeva, Lətifə Fətəliyeva, Ləman Əsgərova, Vlada Axundova, Tərlan Fərzullayev, Zümrüd Mirzəliyeva, Səbuhi Rəcəb və Murad Rəcəb federasiyanın üzvləri seçildiyi diqqətə çatdırılıb.
Federasiyanın fəxri prezidenti Səbuhi Rəcəb dünyanın qabaqcıl ölkələrindən olan Azərbaycanın, həm də idman ölkəsi kimi diqqəti cəlb etdiyini bildirib. Federasiyanın fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulmasının vacibliyini qeyd edən Səbuhi Rəcəb gələcəkdə şahmat və dama üzrə perspektivli idmançıların hazırlanmasının və yarışlarda iştirakının önəmini qeyd edib. İdmana yeniyetmə yaşlarından bağlanan, karate, peşəkar boks kimi növlərlə məşğul olduğunu deyən Səbuhi Rəcəb federasiyanın daha uğurla fəaliyyət göstərməsində əsas məqsədin Azərbaycanın idman şərəfini beynəlxalq arenalarda uğurla təmsil etmək olduğunu deyib: “Bu gün hər birimiz Azərbaycanın yüksək sürətlə inkişaf edən ölkələr sırasına daxil olmasından böyük qürur hissi keçiririk. Ümid edirik ki, gələcəkdə gözdən əlil şahmat və damaçılarımız da yüksək nailiyyətlər əldə edərək Azərbaycan idmanının inkişafına töhfə verəcəklər”.
Sonra jurnalistlərin sualları cavablandırılıb.