CƏMİYYƏT


“Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvləri ölkə başçısının diqqət və qayğısından məmnundurlar

Bakı, 10 may, AZƏRTAC 

“Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi Prezident İlham Əliyevin əlil vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində bu il fevralın 25-də, aprelin 15-də və mayın 3-də imzaladığı sərəncamları dəstəklədiyini bildirir. Qurum ölkə başçısının son zamanlar imzaladığı silsilə fərman və sərəncamların ölkədə yaşayan əlil kontingentin həyat səviyyəsinin yüksəlişinə, onların sosial rifahının və gələcək perspektivlərinin gündən-günə artacağına səbəb olacağını bildirir. Cəmiyyətin üzvləri bu sərəncamlara görə dövlətimizin başçısına xüsusi minnətdarlığını ifadə edir. Təəssüf ki, son zamanlar müxalif siyasi qüvvələrin təsirində olan və ölkədə yalan və böhtan kampaniyaları ilə məşğul olan mətbuat nümayəndələri əlil vətəndaşlar adından saxta məlumatlar yayaraq sosial gərginliyə səbəb olacaq bəyanatlar verirlər. İctimai birliyin üzvləri həmin şəxsləri qınayaraq bu tip əsassız, heç bir hüquqi qüvvəsi olmayan xəbərlərin ölkəmizdə baş verən sosial islahatlara, dinamiki inkişafa kölgə salmayacağını və gözdən əlil vətəndaşların həmin yalan məlumatlara inanmadığını bildirir. Təşkilat radikal qüvvələrə xidmət edən media nümayəndələrini çirkin niyyətlərindən əl çəkməyə çağırır.

AZƏRTAC xəbər verir ki, bu sözləri ictimai birliyin İdarə Heyətinin sədri Səmyar Abdullayev mayın 10-da keçirilən mətbuat konfransında deyib.

O, həmçinin qeyd edib: “İmzalanmış sərəncamlar ümumilikdə 650 minə yaxın əlil kateqoriyalı vətəndaşı sevindirib. Ölkə başçısının da verdiyi mesaja görə gələcəkdə də bu tip qərarların verilməsi və ölkədə ümumən sosial rifahın yüksəldilməsi gözlənilir.

Ölkəmizdə 50 minə yaxın gözdən əlil var ki, onlardan 12-13 mini 18 yaşadək uşaqlardır. Əlillərin məşğulluğunun təmin edilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması, mənzillə təminatı istiqamətində işlər görülür. Hazırda 650-yə yaxın əlil mənzil növbəsindədir.

İctimai birliyin üzvləri Prezident İlham Əliyevin diqqət və qayğısından məmnundurlar və onun siyasətini dəstəkləyirlər. Cəmiyyət üzvlərindən bir və ya bir neçə gözdən əlilin müraciət və ya narazılığı ümumilikdə gözdən əlillərin narazılığı kimi qiymətləndirilə bilməz. Bildiririk ki, çirkin niyyətlərə gözdən əlilləri alət etmək doğru deyil və biz bunu qəti surətdə qınayırıq”.

“Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin vitse-prezidenti Reyhan Cəfərova deyib: “Biz ölkə başçısının imzaladığı sərəncamları dəstəkləyir, bu istiqamətdə qəbul edilən hər bir hüquqi normanın bizim sosial rifahımıza şamil olacağını bilir və bunu rəğbətlə qarşılayırıq. Cəmiyyətin hər bir üzvü son zamanlar aparılan islahat və imzalanan sərəncamların əlil vətəndaşların nəinki özlərinin, hətta ailələrinin sosial səviyyəsinin yüksəlişinə səbəb olacağı üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirir”.

Digər çıxış edənlər də Prezident İlham Əliyevin sərəncamlarının onlara və ailələrinə bəxş etdiyi sevincdən danışıb, ölkə başçısına öz minnətdarlıqlarını ifadə ediblər.

Sonda ictimai birliyin mövzu ilə bağlı bəyanatı oxunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.