CƏMİYYƏT
Azərbaycan-Gürcüstan bələdiyyələri və onların milli assosiasiyaları arasında onlayn görüş keçirilib
Bakı, 31 iyul, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının inkişaf proqramının, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin və Avstriya İnkişaf Əməkdaşlığının dəstəyi ilə Azərbaycan və Gürcüstan bələdiyyələrinin və Milli Assosiasiyaları arasında onlayn görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasından bildirilib.
Onlayn görüşdə çıxış edən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimov, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraşı katibi Tofiq Həsənov ölkəmizdə yerli özünüidarəetmə institunun inkişafı, Milli Assosiasiyaların həyata keçirdiyi yerli və beynəlxalq layihələr barədə məlumat veriblər.
Torpaqlarımızın 20 faizdən çoxunun erməni işğalçıları tərəfindən zəbt olunması və bu səbəbdən də həmin ərazilərdə bələdiyyələrin yaradılmaması, bir sözlə vətəndaşların yerli özünüidarəetmədə iştirak hüququndan məhrum edilmələri xüsusilə qeyd olunub. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, vətəndaşlara dövlət qayğısının artırılması, genişmiqyaslı sosial layihələr barədə təqdimat onlayn görüş iştirakçılarının diqqətinə çatdırıldı.
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin vitse-prezidenti, Tbilisi Şəhər Məclisinin Təhsil və Mədəniyyət Komissiyasının rəhbəri Tamar Taliaşvili, Gürcüstan Yerli Hakimiyyətlər Assosiasiyasının icraçı direktoru David Melua Gürcüstanda yerli özünüidarəetmənin təşkili, Assosiasiyanın yaranması və inkişafı və pandemiya dövründə yerli hakimiyyət orqanları tərəfindən vətəndaşlarla aparılmış işlərdən danışıblar.
Onlayn görüşdə hər iki ölkənin şəhər və rayonları üzrə təqdimatlar oldu. Azərbaycanın Sumqayıt, Quba, Xırdalan, Bakı şəhərinin Nəsimi və Səbail, Gəncə şəhərinin Nizami, Gürcüstanın Rustavi, Bolnisi, Qardabani, Marneuli, Laqodexi bələdiyyələrinin fəaliyyəti, nümunəvi iş təcrübəsi və pandemiya dövründə görülmüş zəruri tədbirlər barədə məlumat bildiriblər.
Qeyd olunub ki, hər iki ölkənin yerli özünüidarəetmə orqanları və Milli Assosiasiyalar arasında əlaqələr daha da artırılmalı və gələcəkdə yerli iqtisadi və sosialyönümlü birgə layihələrin reallaşması üçün müzakirələr davam etdirilməlidir.