SİYASƏT
Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
Tbilisi, 19 fevral, AZƏRTAC
Tbilisidə səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 19-da gürcüstanlı həmkarı Mixail Canalidze ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin mehriban qonşuluq və strateji tərəfdaşlıq zəminində inkişafından məmnunluq ifadə olunub.
Elmar Məmmədyarov deyib ki, Azərbaycan Gürcüstan ilə əlaqələrin daha da inkişafına önəm verir. Qarşılıqlı səfərlər və aparılan danışıqlar, birgə həyata keçirilən irimiqyaslı layihələr ölkələrimizi daha da yaxınlaşdırır və münasibətlərimizin möhkəmlənməsinə xidmət edir.
Mixail Canalidze bildirib ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşlardır. Biz əlaqələrimizin bütün sahələrdə genişlənməsinə böyük önəm veririk.
Görüşdə nazirlər birgə həyata keçirilən regional layihələrin əhəmiyyətini vurğulayaraq, “Cənub” qaz dəhlizinin əsas xətləri olan TAP və TANAP layihələrinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsinin regional əməkdaşlığa daha da böyük töhfə verəcəyinə əminlik ifadə ediblər. Azərbaycan və Gürcüstan arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın hazırkı vəziyyətindən razılıq bildirilib, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi