SİYASƏT
Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan Respublikası və Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə edilib.
Azərbaycanın xarici işlər nazirinin müavini Nadir Hüseynovun ölkəmizdə səfərdə olan Gürcüstanın xarici işlər nazirinin müavini Zviad Qonadze ilə görüşündə, eyni zamanda, Azərbaycan ilə Gürcüstan arasında mütəmadi keçirilən konsulluq məsləhətləşmələrinin iki ölkə vətəndaşlarının qarşılaşdıqları problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi baxımından əhəmiyyəti qeyd olunub. Bu barədə AZƏRTAC-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Gürcüstanın xarici işlər nazirinin müavini kimi ilk səfərini Azərbaycana edən Zviad Qonadze Azərbaycan rəhbərliyinin siyasi, iqtisadi və digər sahələrdə, həmçinin Gürcüstanın ölkəmizdə fəaliyyət göstərən səfirliyi üçün yeni inzibati binanın tikilməsi məqsədilə torpaq sahəsinin ayrılmasında göstərdiyi dəstəyə görə Azərbaycan rəhbərliyinə ölkəsi adından təşəkkür edib.
Ölkələr arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, müvafiq təcrübə mübadiləsinin aparılması, həmçinin Xarici İşlər nazirliklərinin səlahiyyətlərinə aid əhəmiyyət kəsb edən məsələlərin həlli istiqamətində gələcəkdə də nazir müavinləri səviyyəsində bu cür görüşlərin keçirilməsi Zviad Qonadze tərəfindən təklif olunub.