SİYASƏT
Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü başa çatıb YENİLƏNİB
Tbilisi, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də Tbilisidə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaianın iştirakı ilə üçtərəfli formatda görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri ətraflı müzakirə edilib və üçtərəfli hərbi əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Tərəflər beynəlxalq terrorizm və təcavüzkar separatizmin regiondakı sülhə və sabitliyə, ümumi inkişafa mənfi təsir göstərdiyini vurğulayaraq, dövlətlərin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyini xüsusi qeyd ediblər.
Nümayəndə heyətləri hərbi əməkdaşlığın perspektivləri, üçtərəfli hərbi təlimlərin keçirilməsi və birgə fəaliyyətin bir sıra digər istiqamətlərini də nəzərdən keçiriblər.
Sonda görüşün yekunlarına dair birgə protokol imzalanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi