İQTİSADİYYAT
“Azərbaycan Hava Yolları” QSC xanımlar arasında təyyarə bələdçilərinin işə qəbulunu elan edir
Bakı, 10 avqust, AZƏRTAC
“Azərbaycan Hava Yolları” QSC xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənəd qəbulu avqustun 10-dan sentyabrın 10-dək saat 10:00-dan 12:00-a kimi aparılacaq. Namizədlər müsabiqə yolu ilə seçiləcəklər. Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 santimetrdən az və 180 santimetrdən çox olmayan, Azərbaycan, rus, ingilis və ya digər xarici dillərdə sərbəst danışmağı bacaran, xoş xarici görünüşə malik xanımlar iştirak edə bilər.
Müsabiqədə iştirak üçün şəxsiyyət vəsiqəsi, bir fotoşəkil (3х4), xarici pasport, diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa), sənədlərin əsli və surətləri tələb olunur.
Bütün sənədlər “Azərbaycan Hava Yolları” QSC-nin Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır. Məlumat üçün 497-26-00 (daxili 24-04; 32-81; 20-74) telefonları ilə əlaqə saxlamaq mümkündür.