İQTİSADİYYAT
“Azərbaycan Hava Yolları” öz aviaparkını müasir təyyarələrlə zənginləşdirir
Bakı, 7 mart (AZƏRTAC). “Azərbaycan Hava Yolları – AZAL” may ayından etibarən aviaparkına Braziliya istehsallı “Embraer” tipli təyyarələr əlavə edəcəkdir.
“Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli AZƏRTAC-a bildirmişdir ki, 2 “Emraer-170” və 4 “Embraer-190” tipli təyyarənin alınması ilə bağlı müqavilə imzalanmışdır və təyyarələr may ayından başlayaraq ölkəmizə gətiriləcəkdir. Bundan başqa, AZAL-ın yeni aldığı təyyarələr sırasında 2 “Aerbuss-340” tipli müasir hava gəmiləri də vardır. Artıq bu hava gəmisinin 1-i Bakıya gətirilmişdir və uçuş heyəti təlim keçir.
M.Səfərli demişdir ki, AZAL 2014-cü ildə 2 “Boeing-787 Dreamliner” təyyarəsi də alacaqdır. Bu təyyarələr reaktiv tipli hava gəmiləridir. Bu cür müasir təyyarələrin alınması aviaşirkətimizə ABŞ, Cənub Şərqi Asiya və Avropanın bir sıra ölkələrinə uçuşlar həyata keçirməyə imkan verəcəkdir.