İQTİSADİYYAT
“Azərbaycan Hava Yolları” və “Silk Way Travel” Moskvada turizm sərgisində iştirak edib
Bakı, 15 mart, AZƏRTAC
Moskvada Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” (AZAL) və aviaşirkətin əsas tərəfdaşı – “Silk Way Travel” turizm agentliyinin də iştirak etdiyi “Səyahət və turizm” MITT 2018 XXV yubiley beynəlxalq sərgisi başa çatıb.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, AZAL və “Silk Way Travel” Mədəniyyət və Turizm Nazirliyi, eləcə də digər yerli şirkətlər ilə birgə “Azərbaycan” vahid stendində öz aviasiya və turizm imkanlarını təqdim edib.
Sərgi çərçivəsində, həmçinin əməkdaşlıqda maraqlı olan xarici turizm operatorları, korporativ müştərilər, turizm sahəsinin nümayəndələri ilə turizm sahəsində əməkdaşlığın yaradılması və inkişafı məqsədilə görüşlər və danışıqlar keçirilib. Sərgi iştirakçıları və ziyarətçilərinə Azərbaycanın ilk loukost aviaşirkəti “Buta Airways” haqqında aktual və faydalı məlumat təqdim olunub. Sərgi ziyarətçiləri loukosterin marşrut şəbəkəsinin istiqamətləri və onu digər aşağıbüdcəli aviaşirkətlərdən fərqləndirən cəhətlərlə tanış olublar.
Turizm agentliyi bazarında ən böyük şirkətlərdən biri – “Silk Way Travel” sərginin qonaqlarını Azərbaycanın turizm sektorunun sərfəli təklifləri ilə tanış edib. Sərgi çərçivəsində ziyarətçilər qarşıdakı turizm mövsümünün tendensiyaları, maraqlı istiqamətlər, turizm sektorunun perspektivləri və sair tanış olublar.
MITT-2018 sərgisi ənənəvi olaraq turizm biznesinin aktual məsələləri üzrə konfranslar, seminarlar və məsləhətləşmələr, yeni istiqamətlərin və xidmətlərin təqdimatlarından ibarət geniş işgüzar proqramdan ibarət olub.
MITT 2018 - MDB regionunun və digər ölkələrin turizm biznesi nümayəndələrinin ən geniş auditoriyasının toplaşdığı, turizm sahəsinin oyunçuları üçün ən böyük tədbirdir.