CƏMİYYƏT


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası daha 23 şəhid ailəsini himayəyə götürüb

Bakı, 25 fevral, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları şəhid ailələrinin sosial problemlərinin həllini həmişə diqqətdə saxlamaqdadır. AHİK-in İcraiyyə Komitəsinin 2021-ci il 22 fevral tarixli qərarı ilə daha 23 şəhid ailəsi himayəyə götürülüb. Bununla da himayəyə götürülmüş şəhid ailələrinin ümumi sayı 139-a çatıb.

AHİK-dən AZƏRTAC-a bildiriblər ki, İcraiyyə Komitəsi bundan əvvəl Vətən müharibəsində şəhid olmuş 116 əsgər və zabitin ailəsinin himayəyə götürülməsi barədə qərar qəbul edib.

AHİK 2016-cı il aprel və 2020-ci ilin iyul ayılarında Tovuz döyüşlərində həlak olmuş 23 şəhid ailəsinin 41 azyaşlı övladını himayəyə götürüb. Həmin azyaşlılar 18 yaşına çatanadək hər biri aylıq 150 manatla təmin olunurlar. Təkcə bu yardımlara xərclənəcək məbləğin miqdarı isə 885 min 600 manat olacaq.

Məlumat üçün bildirək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları tərəfindən Vətən müharibəsi dövründə 3 milyon 424 min 312 manat xərclənib. O cümlədən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 350 min manat ianə edilib, Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhid ailələrinə kömək göstərilməsi məqsədilə Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 150 min manat köçürülüb. Orduya, şəhid ailələrinə və yaralılara 1 milyon 380 min 687 manatlıq maddi yardım göstərilib, Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon 005 min 875 manat, aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə ərzaq sovqatı verilməsi məqsədilə “Regional İnkişaf” İctimai Birliyinin hesabına 500 min manat vəsait köçürülüb. “Yaşat” Fonduna 537 min 750 manat ianə edilib.

İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fonduna 2021-ci il yanvarın 19-da 100 min manat məbləğində vəsait köçürülüb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bundan sonra da şəhid ailələrinin sosial problemlərinin yaxşılaşdırılması üçün müvafiq addımların davam etdirilməsini nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.