SİYASƏT


Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri və şəxsi heyəti “Dəniz kuboku-2018” yarışına tam hazırdır VİDEO

Bakı, 31 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC

“Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində Bakıda keçiriləcək “Dəniz kuboku-2018” beynəlxalq yarışlarının başlanması ilə əlaqədar iyulun 31-də mətbuat konfransı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlər iştirak ediblər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, birinci dərəcəli kapitan Sübhan Bəkirov bildirib ki, Bakıda keçiriləcək “Dəniz kuboku-2018” beynəlxalq müsabiqəsində yarışlara qatılacaq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri və şəxsi heyəti tam hazır vəziyyətdədir. Beynəlxalq yarışların şəffaf və yüksək səviyyədə keçirilməsi üçün Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hər cür şərait yaradılıb: “Beynəlxalq ordu oyunları çərçivəsində Bakıda keçirilən “Dəniz kuboku” yarışının əsas məqsədi Xəzəryanı ölkələr arasında dostluq və sülhün möhkəmləndirilməsidir. Azərbaycanda bu yarışlara maraq ildən-ilə artır. Üç mərhələdə təşkil olunacaq yarışda Rusiya, Azərbaycan, Qazaxıstan və İran nümayəndə heyətləri iştirak edir. Kubok çərçivəsində mədəni tədbirlərin keçirilməsi, şəhər gəzintisi, muzey və tarixi yerlərə gəzinti də nəzərdə tutulub”.

Sübhan Bəkirov bildirib ki, “Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində ümumilikdə 28 müsabiqə təşkil olunacaq. Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak edəcəklər. Hərbçilərimiz ölkəmizdə keçiriləcək “Dəniz kuboku” ilə yanaşı, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrinə qatılacaqlar. Hərbçilərimiz, həmçinin İranda keçiriləcək “Dərinlik” və Rusiyada təşkil olunacaq “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edəcəklər.

Yarışlarda müşahidəçi qismində Türkiyə, Pakistan, Bəhreyn, Səudiyyə Ərəbistanı və ABŞ Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Rusiya Hərbi Dəniz Donanmasının komandasının “Dəniz Kuboku–2018” yarışlarına tam hazır olduğunu deyən Rusiya nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Sergey Yekimov yarışların keçirilməsi üçün yaradılan mükəmməl şəraitə görə təşəkkürünü bildirib. O, bu yarışın Rusiya komandası üçün əhəmiyyətli olduğunu vurğulayaraq, iştirakçılara uğurlar arzulayıb: “Oyunlar ən yüksək səviyyədə təşkil olunub. Dəniz kuboku hər zaman qarşılıqlı anlaşma və dostluq ruhu ilə fərqlənib. Rusiya bu oyuna həmişə böyük önəm verir. Biz bu il heyətə yeni tipli - kiçik artilleriya gəmiləri daxil etmişik”.

İştirakçılara uğurlar arzulayan Qazaxıstan nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Kanat Niyazbekov Bakıda keçirilən “Dəniz kuboku-2018” yarışında ölkəsində istehsal olunan gəmilərlə iştirak etdiklərini deyib, hazırlığın yüksək səviyyədə olduğunu bildirib.

İran nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Şaxram Həbibi yarışın əhəmiyyətini vurğulayaraq deyib: “Hazırlıq çox gözəl təşkil edilib. Bu yarışda yenidən iştirak etməkdən məmnunuq. Bu dostluq yarışıdır. Ümidvaram, hərbi sahədə əlaqələr ictimai, siyasi, mədəni sahələrdəki əlaqələrə də müsbət təsir edəcək. İştirakçılara uğurlar arzulayıram”.

Mətbuat konfransında, həmçinin iştirakçı heyətlər tərəfindən döyüş hazırlığı poliqonlarına çıxış, müsabiqənin mərhələ və epizodlarının yerinə yetirilməsi üzrə məşqlərin keçirilməsi haqqında ətraflı məlumat verilib.

Bundan başqa, müsabiqəyə cəlb olunan gəmilərə, xüsusi texnikalara, silahlara jurnalistlərin iştirakı ilə baxış keçirilib, onların təyinatına dair qısa brifinq verilib.

Tədbirdə mətbuat nümayəndələrinin sualları ətraflı cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.