ELM VƏ TƏHSİL
Azərbaycan-Hindistan ədəbi əlaqələri yeni mərhələdə
Bakı, 11 may, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində Hindistanın Cəvahirləl Nehru Universitetinin türk dili və ədəbiyyatı kafedrasının müdiri Kous Maşkur Xan ilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə professor Bədirxan Əhmədov rəhbərlik etdiyi şöbənin fəaliyyəti, perspektivləri barədə məlumat verib. O, iki ölkə ədəbiyyatının tarixi köklərinə əsaslanaraq bu ədəbi əlaqələrin gələcəkdə genişlənməsinin faydalı olacağını qeyd edib.
Şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Qurbanova yenicə fəaliyyətə başlayan Hindistan mərkəzindən və burada hind dilinin tədrisinin əhəmiyyətindən danışıb. Tədqiqatçı araşdırdığı “Azərbaycan-Hindistan ədəbi əlaqələri” elmlər doktorluğu dissertasiyasının iki ölkə ədəbiyyatına töhfə olacağını bildirib.
Görüşdə məruzə ilə çıxış edən professor Kous Maşkur Xan Azərbaycan və Hindistan ədəbiyyatı, mədəniyyəti və adət-ənənələrinin oxşar və fərqli cəhətlərindən söz açıb. O qeyd edib ki, əlaqələrin daha da genişlənməsi üçün alim və tədqiqatçıların mübadiləsi zəruridir. Kous Maşkur Xan Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin 2019-cu ilin mart ayında Hindistana səfəri zamanı Cəvahirləl Nehru Universitetinin rektoru ilə razılığa gəldiyi tədqiqatçı mübadiləsinin təşkilinə köməklik göstərəcəyini vurğulayıb.
Sonra suallar cavablandırılıb.