SİYASƏT
Azərbaycan-Hindistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub VİDEO
Nyu-York, 28 sentyabr, AZƏRTAC
BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Hindistanın Xarici İşlər naziri Subrahmanyam Caişankar ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, nazirlər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi imkanları, o cümlədən iqtisadi, nəqliyyat, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Nazir Elmar Məmmədyarov Azərbaycanın iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat, bağlılıq layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında hindistanlı həmkarına məlumat verib, bu layihələrin regional əməkdaşlığa və Şərq-Qərb dəhlizinin inkişafına töhfə verdiyini və yükdaşımaların vaxt və maliyyə baxımından daha effektiv həyata keçirilməsi üçün əlverişli şərait yaratdığını qeyd edib.
Tərəflər, həmçinin Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Zirvə görüşü və Hindistan nümayəndə heyətinin tədbirdə iştirakı məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York