İQTİSADİYYAT
Azərbaycan Hindistanda keçirilən “Canlı Qucarat 2019” Zirvə Görüşündə təmsil edilib
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan yanvarın 18-dən 20-dək Hindistanın Qucarat ştatının Qandinaqar şəhərində keçirilən "Canlı Qucarat 2019" Zirvə Görüşündə təmsil olunub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Hindistanın Baş naziri Narendra Modi, digər ölkələrdən yüksək səviyyəli rəsmilər və iş adamlarının iştirakı ilə keçirilən tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edib.
Tədbir çərçivəsində S.Məmmədov Qucarat ştatının Baş nazirinin müavini Nitin Patel ilə görüşüb. Nazir müavini Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər və ardıcıl islahatlar, ölkəmizin əlverişli biznes və investisiya mühiti, tranzit potensialı barədə məlumat verib, əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
2003-cü ildən təşkil olunan və artıq 9-cu dəfədir keçirilən tədbirin əsas məqsədi Hindistanın iqtisadi potensialının təbliği, investisiya qoyuluşu üzrə müzakirələrin aparılmasıdır. Üçgünlük Zirvə Görüşü çərçivəsində ticarət, maliyyə, enerji, nəqliyyat və İKT sahələrində seminarlar və dəyirmi masalar təşkil ediləcək.