İQTİSADİYYAT
“Azərbaycan” İES-də ötən il 7 milyard 402,8 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib
Bakı, 4 fevral, AZƏRTAC
Ölkəmizdə elektrik enerjisinin ən iri istehsalçısı olan “Azərbaycan” İstilik Elektrik Stansiyası (İES) MMC-nin kollektivi 2015-ci ilin bütün texniki-istehsalat proqnozlarını yerinə yetirib.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, 2015-ci ildə enerji bloklarından 7 milyard 402,8 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib. O cümlədən, ötən ilin dekabr ayında elektrik enerjisi istehsalı 546,6 milyon kilovat-saata yaxın olub.
Cari ildə “Azərenerji” ASC-nin təsdiq etdiyi təmir qrafikinə uyğun olaraq stansiyada 4 və 7-ci enerji bloklarında əsaslı, 3 və 5-ci enerji bloklarında orta, digər enerji bloklarında isə planlı cari təmir aparılması nəzərdə tutulur. Bununla yanaşı, transformatorlarda, 500 və 330 kilovoltluq açıq paylayıcı quruluşda və onların müxtəlif avadanlığında, eyni zamanda, ikinci “Abşeron” HX-nin reaktorunda əsaslı təmir işlərinin aparılması da planlaşdırılır.
Hazırda “Azərbaycan” İES-də dispetçer yük qrafikinə uyğun olaraq sutka ərzində 16-20 milyon kilovat-saat elektrik enerjisi istehsal olunur.