İQTİSADİYYAT
Azərbaycan İKT sahəsində dənizə çıxışı olmayan 32 ölkə arasında birinci yerdədir
Bakı, 24 fevral, AZƏRTAC
BMT-nin araşdırmalarına əsasən, Azərbaycan dənizə çıxışı olmayan 32 ölkə arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində birinci yerdə qərarlaşıb.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzində (MHM) Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzdində dənizə çıxışı olmayan, inkişaf etməkdə olan ölkələr üçün Beynəlxalq Beyin Mərkəzinin nümayəndələri ilə görüşdə bildirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşün məqsədi Azərbaycanın İKT sahəsində qabaqcıl ölkə olaraq əldə etdiyi nailiyyətlər əsasında hazırlanan elmi-tədqiqat xarakterli hesabatı mərkəzə üzv olan digər ölkələr arasında paylaşmaqdır. Görüş zamanı elektron hökumət, elektron imza, elektron təhlükəsizlik və ümumiyyətlə, elektron quruculuq mövzusunda geniş müzakirələr aparılıb. Qonaqlara son illərdə bu sahədə görülən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidentinin prioritet sahə elan etdiyi informasiya və kommunikasiya texnologiyaları sahəsində uğurlu nəticələr əldə olunub.
Beynəlxalq Beyin Mərkəzinin Monqolustandan olan nümayəndəsi Sansar Sosarbaram qeyd edib ki, aparılan təhlillər nəticəsində müəyyən olunub ki, Azərbaycanda İKT sahəsində davamlı olaraq uğurlu layihələr həyata keçirilir.
Mərkəzin Sinqapurdan olan nümayəndəsi Barney Tan belə hesabat xarakterli görüşlərin əhəmiyyətini vurğulayıb.
Sonda gələcək planlar haqqında qonaqları maraqlandıran bir çox suallar MHM-nin mütəxəssisləri tərəfindən cavablandırılıb.