İQTİSADİYYAT


Azərbaycan “ITU Telecom World 2018”də təmsil olunur

Bakı, 10 sentyabr, AZƏRTAC 

Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən ənənəvi olaraq hər il təşkil edilən “ITU Telecom World” beynəlxalq sərgi-konfransı sentyabrın 10-da öz işinə başlayıb. Azərbaycan “ITU Telecom World 2018”də təmsil edilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sərgi-konfransda nazir müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinin tərkibində nazirliyin qurumları, özəl İKT şirkətləri və startaplar təmsil olunur.

Beynəlxalq arenada telekommunikasiya sahəsində ən böyük tədbir hesab olunan “ITU Telecom World” bu il Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilir. Tədbir çərçivəsində İKT sahəsi üzrə müxtəlif forumlar, seminarlar, təqdimatlar təşkil ediləcək, sərgi hissəsində isə milli pavilyonlarda ölkələrin, şirkətlərin müxtəlif həlləri nümayiş etdiriləcək.

Sərgi-konfransın rəsmi açılış mərasimində Cənubi Afrika Respublikasının prezidenti Matamela Siril Ramafoza iştirak edib. “ITU Telecom World 2018”də daha "ağıllı" rəqəmli inkişaf naminə innovasiyalarla bağlı əsas məsələlər müzakirə olunacaq.

Sentyabrın 13-dək davam edəcək qlobal tədbirin beynəlxalq tərəfdaşlarından biri də Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Müxtəlif dövlətləri təmsil edən şirkətlərin qatıldığı sərgidə Azərbaycanın Milli Pavilyonu quraşdırılıb. Milli Pavilyonda ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlər, innovativ xidmətlər, tətbiqlər və həllər nümayiş edilir.

Azərbaycan 2009-cu ildən etibarən davamlı olaraq "ITU Telecom World" sərgilərində Milli Pavilyon ilə təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.