İDMAN


Azərbaycan İdman Jurnalistləri Federasiyası “Qarabağ” klubunun mətbuat katibi ilə bağlı UEFA-ya müraciət edib

Bakı, 27 noyabr, AZƏRTAC

Noyabrın 27-də Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı UEFA, Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) və “AIPS Avropa”nın prezidentlərinə ölkəmizin idman jurnalistləri adından məktub göndərib.

AİJF-dən AZƏRTAC-a bildiriblər ki, məktubda “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun futboldan ömürlük uzaqlaşdırılması xəbərinin təəssüflə qarşılandığı ifadə olunub. Qeyd edilib ki, uzun illərdir erməni terrorundan əziyyət çəkən Azərbaycan saysız-hesabsız qurbanlar verib. Buna baxmayaraq, xalqın iradəsi sarsılmayıb, birgə yaşamaq ənənəsinə sadiq qalaraq sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına nail olub.

Məktubda bildirilib ki, araşdırmalar nəticəsində “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun “Facebook”dakı səhifəsində etdiyi paylaşımı Ermənistan tərəfindən Azərbaycanın Gəncə, Bərdə və digər şəhərlərinə atılan ballistik raket zərbələri nəticəsində mülki şəxslərin, o cümlədən neçə-neçə günahsız körpənin, eləcə də yeniyetmə futbolçu Şəhriyar Qurbanovun amansızcasına qətlə yetirilməsi, bu görüntüləri sosial şəbəkədə izləyərkən stresə düşməsi və həmin anın emosionallığına qapılaraq etməsi aydın olub: “Qəddarlığa və ədalətsizliyə qarşı hisslərini cilovlaya bilməyən Nurlan İbrahimovun “Facebook” səhifəsində təcavüzkar ölkənin millətinə qarşı dövlətimizin mövqeyinə və təmsil etdiyi klubun prinsiplərinə zidd olan sözlərdən istifadə etməsini düzgün hesab etmirik. N.İbrahimovun “Facebook” səhifəsində etdiyi paylaşımın doğru olmadığını tez bir zamanda etiraf edərək silməsi də öz səhvini və məsuliyyətini dərindən başa düşməsi ilə əlaqədardır.

Düşünürük ki, Nurlan İbrahimovun futboldan ömürlük uzaqlaşdırılması ona verilən çox ağır cəzadır. Bəşəriyyətin ülvi məqsədlər ətrafında birləşməsinə təkan verən, insanları bir-birinə yaxınlaşdıran, onların hisslərinə nüfuz edən çox təsirli vasitə olan idman Nurlan İbrahimovun da həyatının ayrılmaz hissəsinə çevrilib. O da yüz minlərlə futbolsevər kimi gələcəkdə də bu idman növünün inkişafına töhfə vermək arzusundadır. Sizə müraciətlə xahiş edirik ki, N.İbrahimovun cəzalandırılması ilə bağlı qərara yenidən baxılsın”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.