CƏMİYYƏT


“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin Gəncədə təqdimatı keçirilib

Bakı, 20 noyabr, AZƏRTAC

Gəncə Dövlət Universitetində tələbələrin və şəhərin gənc fəallarının iştirakı ilə “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov tədbirdə çıxış edərək Gəncədə yaşayan gənclərin Azərbaycanın ictimai-siyasi həyatında oynadığı fəal roldan danışıb, onların könüllü kimi müxtəlif sahələrdə fəallıq göstərdiklərini qeyd edib. Gəncədə könüllülük fəaliyyətinin inkişafı istiqamətində görülən işlərdən danışan M.Cəfərov şəhər gənclərinin bu sahəyə böyük maraq göstərdiklərini vurğulayıb.

“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə çıxış edərək ölkəmizdə könüllülük hərəkatının yaradılmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünün strateji əhəmiyyətini, əhalinin böyük hissəsini təşkil edən gənclərin potensialından cəmiyyətin rifahı naminə düzgün istifadənin vacibliyini, o cümlədən idman sahəsi üzrə mötəbər beynəlxalq yarışların təşkilində və keçirilməsində könüllülərin iştirakının Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə gündən-günə genişlənərək böyük miqyas aldığını diqqətə çatdırıb. Qeyd edib ki, könüllülük ötən əsrin sonlarında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə iştirakla bağlı idisə, bu gün dövlətimizin və cəmiyyətimizin inkişafı naminə keçirilən siyasətə dəstək, müxtəlif tədbirlərin həyata keçirilməsində iştirakla bağlıdır.

Sonra tədbir iştirakçılarına “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin fəaliyyəti haqqında təqdimat nümayiş etdirilib. Təşkilatın yaradılmasının günün tələbi olması, məqsəd və vəzifələri, əhatə dairəsi, qısa müddətdə reallaşdırdığı layihələr, gələcək planları haqqında məlumat verilib.

Tədbirdə Gəncədə könüllülər üzrə əlaqələndirici olmuş Mobil Qarayev çıxış edərək təşkilata uğurlar arzulayıb, könüllülüklə bağlı təcrübəsini və fikirlərini bölüşüb, gənclərin suallarını cavablandırılıb.

Sonda Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi ilə “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi arasında birgə əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.

Tədbir çərçivəsində, həmçinin “Oyun Karvanı Azərbaycanda” layihəsinin reallaşdırılmasında iştirak etmiş gəncəli gənclərə sertifikatlar, müxtəlif idman yarışlarında qalib gəlmiş idmançılara isə diplomlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.